Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda beşulduzlu “Four Seasons Hotel Baku”nun açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

04 sentyabr 2012 | 15:00

Sentyabrın 3-də Bakıda daha bir beşulduzlu otelin - “Four Seasons Hotel Baku”nun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, nadir memarlıq həlli ilə diqqəti cəlb edən “Four Seasons” otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. “Four Seasons Hotel Baku” kompleksinin yaradılması da bu istiqamətdə atılan əsas addımlardan biridir.
Qeyd edildi ki, klassik və müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. “Four Seasons” özünün yeni incisini - “Four Seasons Hotel Baku”nu Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada turistlərin ixtiyarına verir.
Diqqətə çatdırıldı ki, “Four Seasons” otellərinə xas mahir ustalıqla inşa edilən yeni memarlıq əsəri “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla tarixiliklə yanaşı, müasir dəbin ahəngini əks etdirir. Əzəmətli tağların altından keçərək içəri daxil olan hər kəsi ayrı-ayrı elementləri incə zövq və zərifliklə işlənən vestibül, sözün əsl mənasında, valeh edir.
Bildirildi ki, möhtəşəmliyi və gözəlliyi ilə seçilən otelləri idarə edən “Four Seasons Hotels and Resorts” şirkəti beynəlxalq mehmanxanalar şəbəkəsidir. “Four Seasons” şəbəkəsinə 30-dan çox ölkədə 90 otel daxildir. Yarım əsr ərzində “Four Seasons” öz sahəsində liderliyi qoruyub saxlamağa müvəffəq olmuşdur. Şəbəkəyə daxil olan otellər dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Mənzil-qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Four Seasons” otellər şəbəkəsinin tarixi 1960-cı ildən başlayır. O vaxt Torontoda şəbəkənin ilk oteli açılmışdır. Ötən əsrin 90-cı illərində mülkiyyət bazarını daha da genişləndirən “Four Seasons” dünya liderinə çevrilmişdir. “Four Seasons” şəbəkəsi otellərlə yanaşı, daşınmayan əmlak bazarında “Residence Clubs” adı ilə tanınan proqramın idarə olunmasında iştirak edir.
Prezidentə və xanımına məlumat verildi ki, “Four Seasons Hotel Baku”nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, “Four Season Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilmişdir. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün həcmcə daha kiçik bir zal - 390 nəfərlik “Rast” zalı da istifadəyə verilmişdir. Otelin “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılmışdır. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilmişdir.
Məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli “Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunmuşdur. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir.
Bildirildi ki, otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılmışdır. Restoranda özəl ziyafətlər üçün “Qarabağ” zalı da fəaliyyət göstərir. Otelin mətbəxləri yüksək keyfiyyətli avadanlıqla təchiz olunmuşdur. Bu işi peşəkar mətbəx və camaşırxana avadanlığının quraşdırılması ilə bağlı bir çox layihələrdə iştirak edən “Minox” şirkəti həyata keçirmişdir. Son dəbdə yaradılan otelin fəaliyyətə başlaması ümumilikdə 350-yə yaxın yeni iş yerinin açılması deməkdir.
Qeyd edildi ki, şüşə tavanlı hovuz da otelin memarlıq quruluşuna xüsusi gözəllik verir. Çoxdilli xidmətlərin mövcud olduğu, şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq və tarixi yerlərə, çimərliklərə səyahət etmək üçün nadir məkanda yerləşən “Four Seasons Hotel Baku”nun fəaliyyəti bununla bitmir. Otel həm də Azərbaycanın görməli yerlərinə və bölgələrinə turist səfərləri planlaşdırmaq imkanı yaradır.
“Four Seasons Hotel Baku”nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən doğma paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir. Mükəmməl memarlıq quruluşu ilə seçilən bu oteldə yaradılan şərait istər istirahət, istərsə də işgüzar görüşlər zamanı qonaqlara “Four Seasons” sayağı qayğını hiss etməyə geniş imkanlar açır.
Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
Dövlətimizin başçısı İlham ƏLİYEV otelin kollektivini salamlayaraq dedi:
-Əziz dostlar, mən sizin hamınızı “Four Seasons Baku” otelinin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Otelin fəaliyyətinə uğurlar arzulamaq istəyirəm. Azərbaycanda “Four Seasons” otelinin açılışı böyük hadisədir.
“Four Seasons” dünya şöhrətli otellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir. Mən çox şadam ki, otel həm xarici görünüşü, həm daxili dizaynı baxımından ən yüksək standartlara cavab verir. Hesab edirəm ki, “Four Seasons” otellərin arasında öz gözəlliyi ilə seçiləcək, fərqlənəcəkdir. Deyə bilərəm ki, Azərbaycanın ən gözəl oteli hazırda məhz “Four Seasons” otelidir.
Otel bir sənət, memarlıq əsəridir. Daxili dizayn zövq oxşayır. Burada hər şey böyük zövqlə, böyük məhəbbətlə təşkil edilibdir. Otaqlar çox rahatdır. Geniş iclas yerləri, istirahət zonaları, restoranlar, barlar, yəni, bir sözlə burada olan səviyyə artıq özü bir səviyyəni müəyyən edir.
Biz bir çox hallarda Azərbaycanda gedən quruculuq işlərinə Avropa, yaxud da ki, dünya standartları anlayışı ilə yanaşırıq. Amma hazırda Azərbaycanda yaradılan binalar, əsərlər artıq Azərbaycan standartlarını da formalaşdırır. “Four Seasons Baku” oteli dünya standartları, Azərbaycan standartları səviyyəsindədir. Mən buna çox sevinirəm.
Otelin yeri də çox gözəldir. Bu, şəhərimizin ən mərkəzi yerlərindən biridir - “Azneft” meydanıdır. Otelin bir tərəfində qədim İçərişəhər yerləşir. İçərişəhər bizim tarixi sərvətimizdir. O biri tərəfdə müasir bulvar yerləşir. Yəni, burada qalan qonaqların istirahət etmələri, şəhərimizlə tanış olmaları üçün bütün şərait vardır.
Otelin memarlığı da qədim Bakı memarlığına uyğundur. Bu otel Azərbaycana yaraşır, Azərbaycan isə “Four Seasons” otellər şəbəkəsinə qucaq açır. Mən çox şadam ki, belə möhtəşəm memarlıq və sənət əsəri Bakıdadır, Azərbaycandadır. Azərbaycan buna layiqdir. Bakıya gələn qonaqlar şəhərin gözəlliyi ilə tanış olacaq, eyni zamanda, bu gözəl oteldə istirahət edəcəklər.
Ölkəmizdə otellərin sayı getdikcə artır. Azərbaycanda son bir il ərzində bir neçə dünya şöhrətli otellər şəbəkəsi açılmışdır. Onların sadəcə sadalanması onu göstərir ki, doğrudan da Bakı dünyanın mərkəzinə çevrilir. Son bir il, ya bir ilyarım ərzində “Kempinski”, “Hilton”, “Sheraton”, “Marriott”, “Jumeirah” və nəhayət, “Four Seasons” otellərinin açılması, növbəti aylarda “Fairmont” otelinin açılışı Azərbaycanın nəinki turizm potensialını, ümumiyyətlə, potensialını göstərir. Çünki mən başqa belə bir şəhər tanımıram ki, qısa müddət ərzində dünyanın aparıcı otelləri burada öz otellərini açsınlar. Bu, Azərbaycana olan inamın təzahürüdür. İnvestorların Azərbaycanın bu gününə, gələcəyinə olan inamının təzahürüdür. Şəhərimizin sürətlə inkişaf etməsinin təzahürüdür.
Hazırda Bakıda dünyanın ən gözəl yerlərində olduğu kimi, infrastruktur, xidmət şəraiti, otellər, restoranlar, gəzinti yerləri vardır.
Bakı doğrudan da yaşamaq üçün çox gözəl şəhərə çevrilir. Bakının gözəlliyi üçün quruculuq, abadlıq işləri böyük diqqətlə, dəqiqliklə, həssaslıqla və zövqlə aparılır. Biz qədim tarixi simasını saxlamaqla şəhərimizi müasirləşdiririk. Yeni zonalar açılır. Vaxtilə bulvarın bundan sonrakı hissəsində köhnəlmiş gəmiqayırma, təmir zavodları yerləşmişdi. İnsanlar üçün bu yerlər qapalı idi. Ancaq bu köhnə zavodlar köçürüləndən və yeni bulvar zonası yaradılandan sonra görün insanlar üçün nə qədər böyük imkanlar yarandı! Orada xüsusi velosiped zolaqları, gəzinti üçün yerlər yaradıldı.
Bulvarın tarixi uzunluğu 3,5 kilometrə bərabərdir. İndi Bayraq Meydanındakı dənizkənarı zolaq ilə birlikdə bulvarın uzunluğu 14 kilometrə çatacaqdır. Bu, doğrudan da böyük işlərin təzahürüdür. Mən çox şadam ki, şəhərimiz gözəlləşir, inkişaf edir. Azərbaycanda gedən bütün proseslər müasir standartlara cavab verir. İqtisadiyyatımızın bu sektorunun inkişafı da Prezident kimi məni çox sevindirir. Qeyri-neft sektorunun, xidmət sahəsinin inkişafı ölkəmizin dayanıqlı inkişafından xəbər verir. Təsadüfi deyildir ki, bu ilin birinci altı ayında qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Belə gözəl otellərin yaradılması Bakıya turistlərin, qonaqların cəlb edilməsi üçün də çox vacibdir. Çünki burada artıq qonaqları ən yüksək səviyyədə qəbul etmək üçün bütün şərait vardır. Nəzərə alsaq ki, xarici əlaqələrimiz genişlənir, bizim tərəfdaş ölkələrin sayı artır və demək olar Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilir, əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaqdır. Bu, artıq otellər arasında bir flaqmandır, bir brenddir. Bu, doğrudan da böyük və tarixi hadisədir. Çünki siz, “Four Seasons”ın əməkdaşları yaxşı bilirsiniz ki, bu otel dünya miqyasında bir nömrəli otellər brendidir.
Çox şadam ki, burada işləyənlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onlar həm son illər ərzində təhsil, təlim almış, həm də Azərbaycandan olan və “Four Seasons”ın başqa şəhərlərdəki otellərində fəaliyyət göstərən insanlardır ki, onlar indi öz Vətəninə qayıdıblar. Çünki onları Azərbaycana Vətən sevgisi bağlayır. Onların Vətənində, bizim Vətənimizdə indi işlər elə sürətlə gedir ki, burada istənilən yüksək səviyyəli məsələ həll oluna bilər. Bizi, azərbaycanlıları fərqləndirən cəhətlərdən biri də odur ki, biz öz Vətənimizə bağlıyıq. Öz Vətənimizdə elə şərait yaratmalıyıq ki, hazırda xaricdə yaşayan soydaşlarımızın böyük əksəriyyəti Azərbaycana gəlsin. Biz indi gəncləri oxumaq üçün xaricə göndəririk. Onlar da Vətən sevgisi ilə yaşayırlar və istəyirlər ki, Vətənə qayıtsınlar. Amma şərait olmalıdır. Azərbaycanda elə şərait olmalıdır ki, bütün dünyada yaşayan azərbaycanlılar öz ölkələri ilə fəxr etsinlər və bu, artıq reallıqdır.
Mən sizi ürəkdən salamlayıram. Əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaqdır. Bir daha demək istəyirəm ki, Azərbaycanda “Four Seasons” otelinin açılması adi hadisə deyildir. Bu, doğrudan da ölkəmizin inamlı və uğurlu inkişafının təzahürüdür. Əgər ölkəmiz bu sürətlə inkişaf etməsəydi, - siz də bunu bilirsiniz, mən də bilirəm, - “Four Seasons” heç vaxt burada öz otelini açmazdı. Ona görə bu hadisənin çox böyük rəmzi mənası və böyük əhəmiyyəti vardır.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

X X X


Sonda xatirə şəkli çəkdirildi.
 

Keçidlər