Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

19 mart 2015 | 16:00

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Milli geyimli qızlar və oğlanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli qızlar və oğlanlar meydanda rəqs edirdilər. Musiqi sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəldilər.
Burada Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin üzvləri, rəqs və mahnı qrupları çıxış edirdilər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa və Keçəl Prezidenti və ailə üzvlərini bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğururdu.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer almışdı.
Prezident İlham Əliyev və ailə üzvləri pəhləvanların, güləşçilərin çıxışlarını izlədilər, aşıqların ifalarını dinlədilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bayram hədiyyəsi edildi.
İndi Azərbaycan dünya idman tarixində mühüm hadisə kimi qalacaq ilk Avropa Oyunlarına hazırlaşır. Bununla bağlı builki Novruz mərasiminin təşkil olunduğu Dənizkənarı Milli Parkda xüsusi guşələr yaradılıb. Burada Prezident İlham Əliyevə birinci Avropa Oyunlarına ilk onlayn bilet təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını izlədilər.
“Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan “Ceyran” və “Nar” dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim etdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk Avropa Oyunlarının könüllüləri ilə xatirə şəkli çəkdirdilər.
Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Keçidlər