Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda «Ağ ölümə» yox deyək!» mövzusunda tədbir keçirilmişdir

15 aprel 2015 | 15:00

Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin birgə təşkilalatçılığı ilə Səbail rayonundakı 6 saylı orta məktəb-liseydə «Ağ ölümə» yox deyək!»  mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Səbail rayon İcra  Hakimiyyəti və rayon Polis İdarəsinin rəhbərliyi ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölmələrinin, məktəbin pedaqoji kollektivinin nümayəndələri və  şagirdlər də iştirak etmişlər.
Tədbiri açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışmışdır. Bildirmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat vermişdir.
Yeniyetmələr qarşısında çıxış edən Səbail rayon Polis İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölməsinin inspektoru, polis mayoru Gülzar Əliyeva,  Bakı şəhər Baş Polis İdarəsinin inspektorları polis mayoru Məryəm  Ömərova və Kəmalə   Ələkbərova, AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Polis Akademiyasının müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov və başqaları çıxış edərək bildirmişlər ki, yeniyetmə və  gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd gənclərin bu bəladan uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlukəli olduğunu izah etməkdir.
Çıxışçılar rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər və narkomaniya ilə bağlı respublikamızda və rayondakı vəziyyət barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmış, yeniyetmələri ayıq, zərərli vərdişlərə aludə olmamaq üçün diqqətli olmağa çağırmışlar. Konkret faktlarla narkotika qurbanlarının əvvəlki və sonrakı həyatı barədə, narkomanların törətdikləri müxtəlif cinayətlər, narkomanlığa qurşanmış gənclərin ailələrində yaranan problemlər və onların dağılmalarından  şagirdlərə danışmışlar.
Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı slaydlar nümayiş olunmuş, şagirdlərə bukletlər paylanmış və onları maraqlandıran çoxsaylı suallar cavablandırmışdır.

 

Keçidlər