Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobılçılar Avropanın xilaskarıdırlar Bakıda Çernobıl faciəsinin 29-cu ildönümü qeyd edilib

24 aprel 2015 | 15:00

1986-cı ildə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində 7 mindən artıq Azərbaycan vətəndaşı xüsusi fədakarlıq göstərib. Onlar həyatları bahasına Avropanı xilas ediblər. Bu fikirlər aprelin 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Çernobıl faciəsinin 29-cu və “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin yaranmasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə səslənib.
    Toplantıda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda və Çernobıl qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Faciə ilə bağlı məruzə edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib ki, o vaxtlar sovet hakimiyyəti Qərb dövlətlərinə öz gücünü nümayiş etdirmək məqsədilə bu faciənin fəsadlarını gizli saxlamağa çalışırdı. Odur ki, qəzanın törətdiyi dağıntıların aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirmiş insanları taleyin hökmünə buraxmışdı.
     Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılıb, onların statusu müəyyənləşdirilib, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülüb, onlara dövlət tərəfindən müavinət təyin edilib. Bu qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafiəsi gücləndirilib.
     Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov dövlət tərəfindən Çernobıl əlillərinə göstərilən diqqət və qayğıdan söz açaraq deyib ki, qəzanın nəticələrinin ləğvində iştirak etmiş şəxslərin sosial müdafiəsi haqqında qanunvericilikdə onların reabilitasiyası, müalicəsi və s. öz əksini tapıb. Ölkəmizdə 560 minə yaxın əlilin olduğunu deyən nazir müavini diqqətə çatdırıb ki, hazırda 1804 Çernobıl əlili Prezident təqaüdü, o cümlədən 4694 nəfər çernobılçı hər il müalicə üçün 195 manat birdəfəlik müavinət alır. Çernobılçılardan 195 nəfərə avtomobil verilib, 137 nəfər isə növbədədir. Onların 190 nəfəri isə mənzillə təmin olunub.
     Qeyd edilib ki, həmin şəxslərin reabilitasiya və sanatoriya–kurort müalicəsi ilə bağlı tədbirlər davam etdirilir. Ötən il 90 Çernobıl əlili sanatoriya–kurort müalicəsi alıb. Bundan əlavə, 486 nəfər çernobılçıya maddi yardım göstərilib.
     Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev Çernobıl əlillərinin cəmiyyətimizdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirdiklərini diqqətə çatdıraraq deyib ki, onların əməyi hədər getməyib. Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biridir. Bu insanlara qayğı ildən-ilə artırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gələcəkdə də davam etdiriləcək.
     Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizdə əlilliyi olan şəxslərə dövlət qayğısından danışıb.
     Çernobıl əlilləri isə onlara göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
     Tədbirdə, həmçinin əlillərin sosial problemləri ilə yaxından maraqlandığına görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin fəxri diplomu təqdim olunub.

Keçidlər