«Park Bulvar»da Qələbənin 70 illiyi ilə bağlı tədbir keçirilmişdir
II Dünya Müharibəsində qazanılan böyük Qələbənin 70 illiyinin qeyd olunması ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş qrafikə əsasən rayonda müxtəlif tədbirlər, veteranlarla görüşlər keçirilir, veteranlar həmin illərdə qazanılan qələbəyə aparan yollar, ağır döyüşlər barədə öz xatirələrini gənc nəslə çatdırırlar. Həmin tədbirlərdən biri paytaxt sakinləri və çoxsaylı qonaqların sevimli istirahət və əyləncə yerlərindən olan Dənizkənarı Milli Parkdakı «Park Bulvar» Ticarət və İstirahət Mərkəzinin təşəbbüsü ilə təşkil olunmuşdur.
Müharibə illərindəki qanlı döyüşlərdə qəhrəmanlığa, arxa cəbhədə fədakar əməyə görə aldıqları orden və medalları fəxrlə taxmış veteranları, görüşdə iştirak edən ictimaiyyət nümayəndələrini «Park Bulvar» Ticarət və İstirahət Mərkəzinin mətbuat katibi, tanınmış jurnalist Günay Malikqızı salamlayaraq əlamətdar yubiley münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Qeyd olunmuşdur ki, Böyük Vətən Müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Bu gün hər bir vətəndaş, xüsusi ilə Azərbaycan gənci öz tarixini bilməli, həmin dövrdə babalarının əldə etdikləri qələbənin qiymətini dərk etməlidir. Müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı vardır. 700 minə yaxın Azərbaycanlı bu müharibədə iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov bildirmişdir ki, əlamətdar yubiley ərəfəsində Səbail rayonunda keçirilən silsilə tədbirlərdə müharibə illərində həlak olmuş döyüşçülərin xatirəsi böyük ehtiramla yad edilir, rayonda müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələr və xatirə kompleksləri ziyarət edilir. Bildirilmişdir ki, müharibə illərində döyüşən ordunun yanacaqla təminatında Azərbaycan xalqının böyük əməyi olmuş, SSRI - də çıxarılan neftin 69 %-ni Bakı vermişdi. Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdı. Səbail rayonunda isə 49, 189 və 190 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və s. binalarda müharibə illərində təxliyyə hospitalları yerləşmişdi.¬
Səbail Rayon İcra Hakimiyyətinin höbə müdiri Pərvanə Kazımzadə bildirmişdir ki, Ulu öndər Heydər Əliyev daim meteranlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır».
Qələbənin 70 illiyi ərəfəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi və növbədə olan bütün veteranların avtomobillərlə təmin olunması ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Populyar müğənni Samiranın şən ifası məclisi daha da şənləndirmiş, veteranlar gənclərlə birgə rəqs etmişlər.
Tədbir iştırakçılarına Tibb Universiteti Tədris Terapevtik Klinikada pulsuz müayinə kuponları və Bazarstore Supermarketlər Şəbəkəsindən isə hədiyyələr təqdim edilmişdir.