Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İnturist” otelinin açılışında iştirak edib

05 may 2015 | 15:00

Mayın 5-də Bakıda “İnturist” otelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş “İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olub. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Beşmərtəbəli binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Otelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub.
Oteldə SPA, kitabxana, iclas zalı, restoran da var. Terrasından dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları təqdim ediləcək. Buradakı şərait Bakının keçmiş əfsanəvi “İnturist” mehmanxanasının ab-havasını xatirələrdə canlandırır. Yeni “İnturist” fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə layiqli yer tutacaq.
Qeyd edək ki,  son illərdə ölkənin sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm infrastrukturunda yeni “İnturist” otelinin də xüsusi rolu olacaq. Azərbaycandakı sabitlik, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz dünyada böyük maraqla qarşılanır. Bunu son illərdə ölkəmizə gələn turistlərin sayındakı artım da göstərir. Ölkəyə turistlərin cəlb olunmasında, əlbəttə ki, müasir otellərin yaradılmasının rolu böyükdür. Belə müasir otelin bütün dünyanın diqqət mərkəzində olan “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi bu Oyunlarla bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Bu cür infrastruktur layihələrinin icrası Bakının turizm potensialını artırmaqla yanaşı, paytaxtın müasir simasının yaradılması işinə də öz töhfəsini verir.
Otellə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər