Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmiri və yenidən qurulması işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqram üzrə Bakı şəhərində məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir.
Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu.
Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Dövlət Proqramına uyğun olaraq məktəbin təmirinə 2012-ci ilin mayında başlanılıb. Ümumi sahəsi 5700 kvadratmetr olan üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya qovşaqları tam təmir edilmiş, üç kompyuter sinfi yaradılmış, təhsil ocağının həyətində 1500 kvadratmetr sahəyə asfalt örtüyü döşənmiş, binanın əvvəlki dam örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənmiş, foyeyə tamet daşlar düzülmüş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir. Məktəbin foyesində və sinif otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fotoları və milli dövlət atributları asılmışdır.
Dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış oldu.
Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulmuş, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunmuşdur.
Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılmışdır. Yeni korpusdakı sinif otaqlarında da müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Korpusun mansardında ibtidai sinif şagirdləri üçün idman və internet şəbəkəsinə qoşulmuş müasir kompyuter zalları fəaliyyət göstərəcəkdir. Kompyuter zalı şagirdlərin informatika sahəsində biliklərinin artırılması üçün digər vəsaitlərlə də təmin olunmuşdur. Məktəbin həyəti və ətraf ərazi abadlaşdırılmış, yaşıllaşdırma işləri görülmüşdür. Həyətyanı sahədə yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunmuşdur. Tədris korpusunun istiliklə təminatı tam həll edilmiş, su, işıq və kanalizasiya xətləri çəkilmiş, məktəbin içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülmüşdür.