Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə möhtəşəm gül bayramı keçirilmişdir

12 may 2015 | 15:00

Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilmişdir.
     Bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki «Sahil bağı»nda lazımi abadlıq işləri aparılmış, park başdan-başa yenilənmiş, buradakı fəvvarələrin ətrafı güllərlə bəzədilmiş, parkın skamyalarına güllərdən hazırlanmış 20-dən çox müxtəlif mövzularda kompozisiyalar düzülmüşdür. Bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.
     Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Energetika naziri Natiq Əliyev, Milli Məclisin Komitə sədri, akademik Ziyad Səmədzadə və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil  müəssisələrinin, rayon    ictimaiyyəti nümayəndələrinin toplaşdığı  «Sahil bağı»nı  gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər.
     Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır. 
   «Sahil bağı» nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş  dekorativ arka parkın girişinə xüsusi yarayış verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarənc gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli liderimiz Heydər Əliyev və görkəmli  alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hızırlanmış portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Bakı şəhərinin və paytaxtın mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız qalasının,  paytaxtımızın simvoluna çevrilmiş «Alov Qüllələri» Kompleksinin,   «Səbail» gəmisinin, iyun ayında Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarının güllərdən hazırlanmış simvolları – Nar və Ceyran, oyunların məşəli, tovuz quşu, Günəş müxtəlif idman  və digər fiqurların, ümumilikdə 800 mindən artıq  güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.  
     Rayondakı Azərbaycan Dövlət İqtisad və Azərbaycan Dövlət Pedaqoji Universitetlərinin, 17 orta məktəbin, 17 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiyiş etdirdikləri gül kömpozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri, tədqiqatçı jurnalist Təbriz Vəfalının çöp və xırda taxta parçalarından hazırladığı  müxtəlif əl işləri  iştirakçılarda daha xoş təəssürat yaratmışdır. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
    Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqları Ulu öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şer və mahnılarla qonaqlar qarşısında çıxış etmişlər. 
      Müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin təbiət, gözəlliklə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla gerçəkləndirilir.
     Parkda quraşdırılmış səhnələrdə populyar incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində  davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir.

Keçidlər