Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub

17 may 2015 | 15:00

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn bir sıra qonaqlar mərasimdə iştirak ediblər.
Birinci xanım Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin baş katibinin ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser və abidənin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser “Sülh ağacı”nın üzərindəki örtüyü götürdülər.
“Sülh ağacı” abidəsinin önündə xatirə şəkli çəkdirildi.
Bürüncdən hazırlanan “Sülh ağacı” abidəsi Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşir. Bu abidə təbiətdən ilhamlanaraq sevgi və ümid dolu əllər kimi səmaya doğru ucalır və sülhü, tolerantlığı simvolizə edir. “Sülh ağacı”, həmçinin UNESCO-nun tolerantlıq, sülh rəmzi hesab olunur. Bu abidə ictimai yerlərdə insanları sülh haqqında düşünməyə çağırır, tolerantlıq və sülhü gündəlik dialoqumuzun bir hissəsinə çevirir. “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul olunur, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir. Bu abidə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser tərəfindən yaradılıb.
Azərbaycan həmişə sülhü təbliğ edən və tolerant bir ölkə olub. Tarixən dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Bakıda “Sülh ağacı” abidəsinin açılması da bunu bir daha təsdiqləyir.

Keçidlər