“Heydər Əliyev-milli ləyaqət ölçüsü” kitabının təqdimatı olub
Mayın 26-da Bakıda mərhum professor Zahid Qaralovun müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev-milli ləyaqət ölçüsü” kitabının təqdimatı keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, jurnalistlər, elmi dairələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışıb. O deyib ki, indiyədək Ulu Öndərlə bağlı çoxlu kitablar yazılıb və bundan sonra da yazılacaq.
Milli Məclis sədrinin müavini Bahar Muradova Zahid Qaralovun həyat yoluna nəzər salıb, onun yaradıcılığından, yüksək insani keyfiyyətlərindən danışıb. Bildirib ki, onun müəllifi olduğu bu kitab özünəməxsusluğu ilə seçilir. On fəsildən ibarət olan kitabda fikir, ideya, məqsəd ardıcıllığı var.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, tarixçi alim, deputat Fəzail İbrahimli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Xıdır Qaralov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və başqaları çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, eləcə də Zahid Qaralovun yazdığı əsərlərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu kitab Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun kəsilməz xətt boyunca inkişafının yollarını göstərən, hər bir azərbaycanlının Ulu Öndər deyib fəxr etdiyi dahi şəxsiyyətin, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib.