Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanmışdır
15 sentyabr - «Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 17 orta məktəbdə dərslərə başlanmışdır.
Dövlət Proqramına uyğun olaraq bu il Bayıl yaşayış sahəsindəki 1929-cu ildə tikilmiş 49 saylı «İntellekt» məktəb-liseyin 3 mərtəbəli binası, buradakı 51 sinif, yardımçı otaqlar, idman və akt zalları, koridorlar, sanitariya qovşaqları əsaslı təmir olunmuş, 3 kompyuter sinifi yaradılmış, həyətə asfalt salınmışdır. Məktəbdə müasir dam örtüyü quraşdırılmış, binanın pilləkənləri və tutacaqları yeniləşmiş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir.
Ətraf ərazidə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 36 əlavə sinif otağı olan 660 şagird yerlik, 3 mərtəbəli yeni tədris korpusu tikilmişdir. Məktəbin girişi və həyəti yenidən qurulmuş, yeni darvaza quraşdırılmış, yaşıllaşdırma işləri aparılmışdır. Məktəbin həyətində yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunmuş, yeni su, işıq və kanalizasiya xətləri çəkilmişdir.
Korpusun mansard hissəsində ibtidai sinif şagirdləri üçün idman və kompyuter zalı düzəldilmiş, məktəb bütün avadanlıqlarla təshiz olunmuşdur. .
Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə çıxış edən 49 saylı «İntellekt» məktəb-liseyin direktoru Təhminə Əsədova keçən tədris ilində qazanılan uğurlardan danışmışaraq bildirmişdir ki, sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbə gəlmiş, yeni inşa olunmuş tədris korpusunun və əsaslı təmir işləri aparılmış köhnə korpusun açılış mərasimlərindən iştirak etmişdir. Bu gəliş məktəb kollektivi üçün əlamətdar bir hadisə olmuşdur. Təhminə Əsədova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirərək, pedaqoci kollektiv adından vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində əllərindən gələni əsirgəməyəcəklərini vurğulamışdır.
Bu ilin may ayında Bakı şəhərinin ən qədim qəsəbələrindən olan Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə Dövlət Proqramına uyğun olaraq təmir işləri başlanmış, 1937-ci ildə tikilmiş bu məktəbdə müasir təhsil üçün hər cür şərait yaradılmışdır. 500 şagirdin təhsili üçün nəzərdə tutulmuş, 30 müəllim və 11 texniki işçinin çalışdığı 3 mərtəbəli məktəb binasının dam örtüyü tam şəkildə yeniləşdirilmiş, məktəb üçün əlavə olaraq yeni yeməkxana və bufet, yeni kitabxana, 2 ədəd təsərrüfat otağı, vestibül tikilmiş, bütün kommunikasiya xətləri yeniləşdirilmiş, idman və akt zalları da daxil olmaqla bütün sinif otaqları, fənn kabinetləri, texniki otaqlar, tibb kabineti əsaslı təmir olunmuşdur. Məktəbdə yeni kompyuter kabineti yaradılmış və internet şəbəkəsinə qoşulmuşdur. Məktəbin həyətində 60 kv. metrlik talvar quraşdırılmış, 1500 kv. metr sahəyə asfalt salınmış, yeni hasar çəkilmiş və darvaza quraşdırılmışdır. Məktəbdə yeni istilik sistemi quraşdırılmışdır.
«Bilik günü» tədbirində çıxış edən 50 saylı məktəbin direktoru Sədaqət Həsənova məktəbin digər şagirdlərinə, onların valideynlərinə, tədbirdə iştirak edən qəsəbə ictimaiyyəti, ağsaqqalların nümayəndələrinə burada aparılan təmir-abadlıq işləri barədə məlumat vermiş, qədim Bibiheybət qəsəbəsindəki məktəbdə təhsilə yaradılan şərait üçün ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilmiş məktəblərin kollektivlərini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, orta məktəbləri bitirmiş 1448 nəfərdən 915-i tələbə adını qazanmış, onlardan 87 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşlar. 11 məzun qızıl medala, 2 məzun isə Prezident təqayüdünə layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, Ölkə başçısı cənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi kimi onun tərəfindən imzalanmış Dövlət Proqramına uyğun olaraq bu il Səbail rayonunda 1 yeni məktəb və uşaq bağçası istifadəyə verilmiş, 2 məktəb, 1 uşaq bağçası əsaslı təmir olunmuş, 2 məktəb üçün əlavə korpuslar tikilmişdir. Hazırda 1 uşaq bağçasının təmiri, 1 uşaq musiqi məktəbinin yenidən tikintisi davam edir. Bu işlərin davamı kimi «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planına rayon üzrə əlavə 6 bənd salınmışdır ki, onların həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.
Səbail rayonunda həyata keçirilən işləri diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 4-də Badamdar qəsəbəsində yeni 880 şagird yerlik 329 saylı tam orta məktəb və 120 yerlik yeni uşaq bağçasının, ertəsi gün sentyabrın 5-də isə əsaslı təmirdən sonra 49 saylı «İntellekt» liseyin köhnə binasının və 660 şagird yerlik yeni tədris korpusunun açılış mərasimlərində iştirak etmiş, burada yaradılan şəraitlə yaxışdan tanış olaraq görülən işlərin keyfiyyətindən razı qalmışdır.
Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açımış, Fondun dəstəyi görülən işlər barədə məlumat vermişdir.
Səbail rayonunun Bayıl yaşayış sahəsindəki 1937-ci ildə tikilmiş 91 saylı orta məktəb kollektivi son illərdə bir sıra uğurlar qazanmış, təhsildə və şagirdlərin bilik səviyyəsinin yüksəlməsində bir sıra nailiyyətlər əldə etmişlər. Keçən tədris ilinin əvvəlində məktəb binası əsaslı təmir olunmuş, bura müasir tədris üçün bütün lazımi avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuş, məktəb 2010-2011 təhsil ilinin yekununa görə «İlin ən yaxşı məktəbi» müsabiqəsinin qalibi adını qazanmışdır. Hazırda 1100 şagird oxuyur, 1-ci sinifə 115 şagird qəbul edilərək 4 sinif yaradılıb. Bu tədris ilində məktəbin 3 ədəd 11-ci sinifində 80 şagird təhsil alacaqdır.
«Bilik günü» ilə əlaqədar təşkil olunan tədbirə toplaşan şagirdləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfuqarova məktəb kollektivinin qazandığı uğurlardan danışmışdır. O, qeyd etdi ki, keçən tədris ilində məktəbin 67 məzununun 32-i ali məktəblərə, onlardan 4 -ü isə xarici ölkələrin ali məktəblərinə daxil olmuşlar. Məzunların 4-ü 500-dən çox, 2-si 600-dən çox bal toplayıb. 1 nəfər Prezident təqaüdünə layiq görülüb. Məktəbin 4 nəfər şagirdi respublika, 4-ü isə Bakı şəhəri üzrə Olimpiadalarının mükafatçılarından olmuşlar.
Yeni dərs ili ərəfəsində məktəbdə yaradılmış şəraitə, onun lazımi inventar və dərs ləvazimatları ilə təminatına, həmçinin ölkə təhsilinin inkişaf və tərəqqisi üçün gördüyü işlərə görə məktəb direktoru Svetlana Zülfuqarova ölkə rəhbərliyinə məktəb kollektivi və valideynlər adından dərin təşəkkürünü bildirmişdir.
Səbail rayonundan Millət vəkili seçilmiş Fuad Muradov hər 3 məktəbdə keçrilən tədbirlərdə iştirak edərək kollektivləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, yeni təmirdən çıxmış və hər cür şərait yaradılmış məktəblərə təhsildə uğurlar arzulamışdır.
Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.