Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Səbail rayon təşkilatı X konfransını keçirib

05 iyun 2015 | 15:00

İyun ayının 5-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının X konfransı keçirilib. Konfransda Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyev, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, millət vəkilləri, iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni ilə öz işinə başlayan konfransda dünyasını dəyişən Səbail rayon təşkilatının sədri Zahid Qaralovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Konfransı açıq elan edən YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyev ölkəmizin əldə etdiyi nəaliyyətlərdə Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolundan bəhs edərək konfransın işinə uğurlar arzu edib.
    Konfransın gündəliyi təsdiq olunduqdan sonra çıxış edən Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev IX konfransdan ötən müddət ərzində partiyanın fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, əgər ötən dövr ərzində rayon təşkilatının 21 min üzvü var idisə, hazırda bu rəqəm 23450 yə qədər artıb: “Üzvlərin 66 faizini gənclər, 56 faizini isə qadınlar təşkil edir. Bu rəqəmlər onu deməyə əsas verir ki, YAP ildən-ilə öz sıralarını genişləndirərək Azərbaycanın ictimai-siyasi həyatında rolunu möhkəmləndirir. Rayonun ərazi ilk partiya təşkilatlarında aparılan düzgün, səmərəli fəaliyyətin nəticəsidir ki, bütün seçkilərdə, o cümlədən partiyanın təşkilatı məsələlərində üzvlərimiz mütəşəkkilliklə iştirak edib, öz tövsüyələrini əsirgəməyiblər. Hesab edirəm ki, biz təşkilat olaraq bundan sonra da bu amalla işlərimizi davam etdirməli, daha böyük uğurlu nəaliyyətlər əldə etməliyik”.
     Məruzə ətrafında çıxış edənlər - YAP Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı, Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, 91-lər hərəkatının üzvü Hacan Hacıyev, 6 saylı məktəbin direktoru Gülşən Orucova, təşkilatın İdarə Heyətinin üzvü Amalya Pənahova Azərbaycanın bu günkü inkişafından, aparılan uğurlu siyasətdən bəhs edərək, Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
     YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək millət vəkili Şəmsəddin Hacıyevin YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə namizədliyini irəli sürüb. İcra katibinin müavini Siyavuş Novruzov Ş.Hacıyev haqqında geniş məlumat verərək onun sədrliyinin daha əhəmiyyətli olacağını qeyd edib və bildirib ki, YAP Səbail rayon təşkilatına 23 ilə yaxın professor Zahid Qaralov rəhbərlik edib: “Onun rəhbərliyi dövründə təşkilat ön sıralarda gedən rayon təşkilatlarından olub. Məhz bu baxımdan da inanırıq ki, Ş.Hacıyev də təşkilata rəhbərlik etdiyi müddətdə bu kursu qoruyub saxlmaqla fəaliyyətini daha çoxsahəli həyata keçirəcək. Təşkilat bu günə kimi qazandığı imicini qoruyub saxlayaraq, daha da böyük uğurlara imza atacaq Çünki Ş. Hacıyev illərdir dövlətə və xalqına xidmət edən partiya üzvüdür”.
     YAP İcra katibinin müavini həmçinin ölkəmizdə keçiriləcək İlk Avropa Oyunlarında YAP-nın üzvlərinin, fəallarının rolundan da danışaraq qeyd edib ki, artıq Avropa Oyunlarını qarşılamağa sayılı günlər qalıb: “Biz bütün gücümüzlə Avropa Oyunlarına dəstək verərək bir sıra uğurlu işlər həyata keçirmişik. Buna baxmayaraq bir sıra qərəzli bəyanatlar səslənməkdədir. Bu da təbii ki, Azərbaycanı istəməyən, uğurlarını gözü götürməyən qüvvələr tərəfindən həyata keçirilir. Heç bir halda bu qərəzli təşkilatlar, onlara himayədarlıq edən insanlar istəklərinə nail ola bilməyəcəklər. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik fonunda, xalqla iqtidar birliyi mövcuddur”.
      Daha sonra təşkilatı məsələlərə baxılaraq Şəmsəddin Hacıyevin YAP Səbail rayon təşkilatına sədrliyi təsdiqlənib. Bundan başqa rayon təşkilatının 97 nəfər Şura üzvü, 29 nəfər İdarə Heyəti üzvü, 7 nəfər Nəzarət-təftiş komissiyasına üzv seçilib.
     YAP İcra katibinin müavini, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək yeni seçilən heyətə uğurlar arzu edib. YAP İcra katibinin müavini qeyd edib ki, İlk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı təhdidlər var. Bu danılmazdır: “Əgər Azərbaycan inkişaf tendesyasına görə öndə gedən ölkələrdən olmasaydı İlk Avropa Oyunlarının burada keçirilməsinə səs verilməzdi. Bizə qarşı aparılan qarayaxma kampaniyalarının birbaşa təşkilatçıları erməni lobbisinə xidmət edən, onlardan qidalanan, onların hesabına siyasətdə qalmağa çalışanlardır. Bunların qarşısını almağa dövlətimizin gücü yetərlidir. Biz hansısa beynəlxalq  maliyyə qrumunun qapısında növbəyə düzlüən ölkələrdən deyilik. Azərbaycanın iqtisadi, hərbi gücü bunu deməyə əsas verir. Bizi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası kimi güclü partiya birləşdirir. YAP-ın sıraları günü-gündən genişlənərək 650 minə çatıb. İntellektual potensialına, say tərkibinə, üzvlərinin bacarıq və qabiliyyətinə görə heç bir partiya ilə müqayisə edilə biləcək yerdə deyilik. YAP bu gün regionda, beynəlxalq aləmdə ən güclü partiyalar sırasında yer alır. Hər bir hakimiyyətin gücü, onun xalqa söykənməsi, xalqın istəyinə uyğun siyasət yeritməsindən ibarətdir. O hakimiyyətlər gücsüzdür, o hakimiyyətlərdə demokratiya anlayışı yoxdur ki, onlar xalqa söykənmir. Bizim hakimiyyətin gücü Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yoldur, prinsipdir, konsepsiadır. Xalqın birliyi gücümüzdür ki, YAP da bu birlikdə avanqard rol oynayır”.
     Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə çıxışında bildirib ki, ölkənin ictimai-siyasi həyatında YAP-ın səmərəli fəaliyyəti hər kəs üçün örnəkdir: “Rəhbərlik etdiyim rayonun həyatında YAP-ın üzvlərinin, fəallarının rolu böyükdür. Bu məqsədlə də biz daim onlarla birgə işləyir, bir sıra mühüm tədbirlər həyata keçiririk. Fəaliyyətimizin bundan sonrakı dövründə də uğurlarımızın bol olacağına səmimi qəlbdən inanıram”.
  Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə partiyanın Səbail rayon təşkilatının X konfrans nümayəndələrinin müraciəti ünvanlanıb.

Keçidlər