Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun yeni layihəsi olan “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyası açılıb

08 iyun 2015 | 15:00

İyunun 8-dən Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya açılıb. Bu, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.
Məlumat verildi ki, burada özündə dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulan sənətkarların əsərləri sərgilənir.
Müasir Azərbaycanın təsviri incəsənət tarixi nisbətən gəncdir və XX yüzilliyin birinci yarısına təsadüf edir. Avropa incəsənət ənənələri Azərbaycana hələ XVIII əsrdən nüfuz etməyə başlayıb. Lakin müasir təsviri incəsənət məktəbinin formalaşmasında ciddi və əhəmiyyətli addım Bakıda 1920-ci ildə ilk Rəssamlıq Məktəbinin açılışı ilə atılıb. Artıq Rəssamlıq Məktəbinin ilk buraxılışı Azərbaycana əsl sənətkarları – milli rəngkarlıq məktəbinin formalaşmasının əsasında duran çox müxtəlif və son dərəcə istedadlı rəssamları bəxş edib. Milli rəngkarlıq məktəbinin inkişafında növbəti mərhələdə rəssam-nonkonformistlər tamamilə başqa bədii -plastik məsələləri həll etməklə Azərbaycanda avanqardizm üçün yol açıblar. Onların əsərləri müasir təsviri incəsənətin əsasını qoyub. Bu parlaq və bənzəri olmayan sənətkarların yaradıcılıq metodu “Abşeron rəngkarlıq məktəbi” adını alıb.
Bu gün Azərbaycanda incəsənətin inkişafı üçün bütün imkanlar mövcuddur. Yeni formasiya rəssamlarının yaradıcılığı əsl düşüncə oyunlarıdır.
Sərgi realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətlərdən bəhs edir və Azərbaycan təsviri incəsənətinin parlaq, sirli və dərkedilməz dünyası ilə tanış olmağa imkan yaradır.

Keçidlər