Səbail rayonunda Beynəlxalq Müəllim günü qeyd olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə tikilmiş bu il sentyabrın 4-də ölkə başçısının iştirakı ilə rəsmi açılış mərasimi keçirilmiş Səbail rayonunu Badamdar qəsəbəsindəki 880 şagird yerlik yeni 329 saylı tam orta məktəbdə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə böyük toplantı keçirilmişdir.
Əvvəlcə rayon rəhbərliyi və qanaqlar yeni istifadəyə verilmiş orta məktəb, onun sinifləri, fənn kabinələri, idman və akt zalları, yeməkxanası, idman meydançaları, məktəbin foyesində yaradılmış guşələrlə yaxından tanış olmuş, müasir təhsil üçün burada yaradılan şəraitdən çox razı qalmışlar.
Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermiş və qeyd etmişdir ki, ölkə başçısının sərəncamı ilə ötən iki ildə Beynəlxalq Müəllim günü ərəfəsində rayonun orta təhsil müəssisələrinin müəllimlərindən 3 nəfər «Tərəqqi» medalına layiq görülmüş, 4 nəfərə «Əməkdar müəllim» adı verilmişdi. Bu il isə 2 saylı Texniki-Humanitar Elmlər liseyinin direktoru Bəkir Mustafayev, 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, 236 saylı orta məktəbin müəllimi Azadə Əfəndiyeva, 132-134 saylı Təhsil Kompleksinin müəllimi Leyla Təhmasib, 239 saylı orta məktəbin müəllimi Fəridə İbrahimova «Əməkdar müəllim» fəxri adına layiq görülmüşlər.
Bildirilmişdir ki, bu il rayon təhsili üçün əlamətdar olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Badamdar qəsəbəsində 880 şagird yerlik yeni 329 saylı tam orta məktəb və 120 yerlik yeni uşaq bağçası tikilmiş, 49 saylı «İntellekt» liseyin həyətində 660 şagird yerlik yeni tədris korpusu istifadəyə verilmiş, Dövlət Proqramına uyğun olaraq liseyin kohnə binası, 50 və 203 saylı orta məktəblərin binaları əsaslı təmir olunmuş, 7 saylı orta məktəb üçün idman, akt zalları və 8 sinif otağı olan əlavə korpus tikilmişdir.
Aparılan təmir işləri ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmış və sentyabrın 4-də cənab Prezident Badamdar qəsəbəsindəki 329 saylı orta məktəbin və uşaq bağçasının açılış mərasimində iştirak etmiş və sentyabrın 5-də iəs 49 saylı «İntellekt» liseydə aparılan əsaslı təmirdən sonrakı vəziyyətlə şəxsən tanış olmuşdur.
Hazırda Bayılda 3 saylı Musiqi məktəbinin sökülərək yenidən tikintisi, 44 saylı uşaq bağçasında əsaslı təmir işləri davam edir.
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planına uyğun olaraq Səbail rayonunda daha 2 orta məktəb binalarının, 1 orta məktəbin akt və idman zalının, 3 uşaq bağçasının binalarının əsaslı təmiri və biri üçün əlavə musiqi zalı və 3 otağının tikintisi nəzərdə tutulmuşdur. 2 il ərzində həyata keçiriləcək bu əlavə tədbirlər rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.
Məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü biruzə verir.
Səbail rayonunun 189 saylı orta məktəbi «2011/2012-ci tədris ilində keçirilmiş «Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin, rayonun 11 nəfər müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasinda olmuşlar. 2011-2012-ci təhsil ilinin yekununa görə 11 məzun qızıl medala layiq görülmüşdür.
Keçən tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirmiş, onlardan 915 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 41 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunların 87 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Məzunlarımızdan 3 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.