Dövlət Yanğından Mühafizə Xidməti Bakının Səbail rayonunda maarifləndirici tədbir keçirmişdir
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibəti ilə Dövlət Yanğından Mühafizə Xidməti maarifləndirici tədbirlərini davam etdirir. Xidmət növbəti tədbirini 2015-ci il sentyabrın 29-da Bakının Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində keçirmişdir. Tədbirə Bakı şəhəri Səbail rayonu ictimaiyyətinin nümayəndələri cəlb olunmuşdur.
Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın texnikası şöbəsinin rəisi, polkovnik Nəzər Baxışov Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsini, Mənzil-Kommunal Təsərrüfat Birliyini, Səbail və Badamdar bələdiyyələrini, rayonun ərazi nümayəndəliklərini, 17 orta və 1 peşə məktəbini təmsil edən tədbir iştirakçıları qarşısında çıxış edərək yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması, təxirəsalınmaz xilasetmə işlərinin həyata keçirilməsinin təmin olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və onun müvafiq qurumlarının qarşısında duran vəzifələr haqqında ətraflı məlumat vermişdir. Tədbir iştirakçıları son illərdə dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin, həmçinin FHN-nin diqqət və qayğısının məntiqi nəticəsi olaraq yanğın təhlükəsizliyi qurumlarının hüquqi, maddi-texniki bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, yanğın avtomobilləri parkının müasir texnologiyaya cavab verən texnika və avadanlıqlarla təchiz olunmasmı ilə bağlı məlumatlandırılmışdır.
FHN-in yaranmasının 10 illiyinə həsr olunmuş tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər fövqəladə hallar zamanı xilasetmə avadanlıqlarından istifadə qaydaları ilə tanış olmuş, onlara Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin balansında olan yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri, üzərində olan alət-avadanlıqlar, onlardan istifadə olunma qaydaları, həmçinin xüsusi təyinatlı avtomobillərin taktiki-texniki xarakteristikası və hansı yanğınlarda istifadə olunması haqqında bilgilər verilmişdir. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiq olunma qaydaları haqqında da söhbət açılmışdır.
Tədbir iştirakçıları Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binası ilə da tanış olmuş, yanğınsöndürənlərin sosial-məişət probleri ilə maraqlanmış, onlara Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınların söndürülüməsi zamanı göstərdikləri qəhrəmanlıqlar, həmçinin respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyışlərdə həlak olmuş Azərbaycan yanğınsöndürənlərinin döyüş yolu haqqında geniş məlumat verilmişdir.
Tədbirdə vətəndaşların və məktəblilərin çoxsaylı sualları cavablandırılmışdır.
Tədbirin sonunda Səbail rayon İcra Hakimiyyətinin informasiya və təhlil şektorunun müdiri İsrafil Kərimov Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində təşkil olunmuş tədbir Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, ən müasir tələblərə cavab verən yanğın hissəsində bu cür tədbirlərin keçirilməsi vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına daha ciddi münasibət bəsləməyə səsləyir, onlarda yanğın zamanı düzgün davranış qaydalarını aşılayır, eyni zamanda gənclərin yanğın təhlükəsizliyi qurumlarında xidmət etmək həvəsi yaradır.