Səbail nümayəndələri Hərbi Dəniz Qüvvələrinində keçirilən “Açıq qapı” günündə iştirak etmişlər
Oktyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növləri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş qərargahında və hərbi hissələrində də əsgərlərin valideynləri və ictimaiyyətin nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
Tədbirdə valideynlərlə yanaşı, Bakı şəhəri Səbail rayon ictimaiyyətinin, Səbail rayon Gənclər və İdman İdarəsinin, Səbail Bələdiyyəsinin, rayonda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların nümayəndələri, o cümlədən Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin, “20 Yanvar” Cəmiyyətinin müharibə veteranlarının bir qrupu və jurnalistlər iştirak ediblər.
HDQ-nin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədov və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin baş qərargahın binası qarşısında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qarabağ müharibəsi veteranları İlham Əliyev, Sərraf Orucov və başqaları da çıxış edərək ürək sözlərini bildiriblər.
Daha sonra tədbir iştirakçıları HDQ-nin şəxsi heyətinin təminatı, istifadəsindəki silah və sursatlarla tanış olub, HDQ dəniz piyadalarının nümunəvi çıxışlarına baxıblar.
Sonra tədbir iştirakçıları kazarmalarda və gəmilərdə əsgərlərin yaşayış yeri, onlar üçün yaradılan şəraitlə tanış olublar. İştirakçılara Hərbi Dəniz Qüvvələrinin gəmiləri və onların təyinatı barədə ətraflı məlumat verilib.
Valideynlər HDQ-nin şəxsi heyəti ilə birgə gəmilərdə nahar ediblər.
“Açıq qapı” günündə iştirak edən valideynlər və ictimaiyyətin nümayəndələri əsgərlərin xidməti üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.