Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib
Noyabrın 1-i Azərbaycan Respublikasının tarixində növbəti parlament seçkiləri günüdür.
Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.
Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.
Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik etdi.
Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və namizədlərin nümayəndələri izləyirdilər.