Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda «Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah» mövzusunda dəyirmi masa keçirilmişdir

23 dekabr 2015 | 16:00

  Səbail Rayon İcra Hakimiyətində «Heydər Əliyev – Azərbaycan: dünən, bu gün  və sabah» mövzusunda dəyirmi masa keçirilmişdir. RİH-nin Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı ilə birgə təşkil olunmuş tədbirdə rayon rəhbərliyi ilə yanaşı müxtəlif dövlət qurumların nümayəndələri, Milli Məclis üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin,  YAP Səbail rayon təşkilatının təmsilçiləri iştirak etmişlər.

Dəyirmi masanın işini açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd etmişdir ki, Heydər Əliyev və Azərbaycan sözləri hər bir Azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Təbiidir ki, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir Azərbaycan dövləti də olmazdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olmuşdur.  

Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çox sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər vardır. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin lideri kimi tarixə həkk olmuşdur.

Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan İlham Əliyevin hazırlanması olmuşdur. Ulu öndərin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi  artıq ölkə tarixində «Qurucu İlham» kimi təsdiq olub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt hazırki çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.

Eldar Əzizov vurğulamışdır ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb. Hazırki  mürəkkəb dövrdə Azərbaycan kimi ölkənin müstəqilliyinin qoruyub saxlamağı, onu inkişaf etdirməyi, dünyaya yeni iqtisadi-siyasi siyasət modeli kimi təqdim etməyi, balanslaşdırılmış siyasət yürütməyi yalnız xüsusi istedada olan insanlar edə bilərlər və bu gün Azərbaycanda belə insan sözsüz ki, cənab İlham Əliyevdir. Bu kimi xüsusiyyətlər bizə cənab İdlham Əliyevi tariximizin xüsusi istedada malik dahi dövlət xadimi kimi xarakterizə etməyə əsas verir. Bir sıra postsovet ölkələrinin rəhbərlərinin edə bilmədiklərinin cənab Prezident tərəfindən Azərbaycanda həyata keçirilməsinə nail olması bizi sabahkı günün perspektivinə əmin olmağa ümidvar edir.   

Dəyirmi masanın işində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı  Şəmsəddin Hacıyev, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıxov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Müdafiə Nazirliyi İdarə rəisi müavini, polkovnik Abdulla Qurbani, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, onun ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlərə,  Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurlarına və gələcək perspektivlərinə həsr olunmuş geniş məruzələrlə çıxış etmişlər.

Sonda dəyirmi masa iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunmuş, çıxışların bir daha işlənərək kitab şəklində buraxılması qərara alınmışdır.

 

Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə keçirdiyi “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün  və sabah” mövzusunda dəyirmi masa iştirakçılarının

BƏYANATI

Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə keçirdiyi Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənidlməsinə və təbliğinə həsr olunan “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün  və sabah” mövzusunda dəyirmi masanın iştirakçıları olaraq, biz - dövlət qurumlarının nümayəndələri və Milli Məclis üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin digər təmsilçiləri böyük fərəh və qürur hissi ilə qeyd edirik ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, bu böyük siyasi kursun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox böyük məharətlə və uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Ölkəmizin dünyanı heyran qoyan iqtisadi qüdrəti və beynəlxalq nüfuzu durmadan artır, xalqımızın güzəranı gündən-günə yaxşılaşır.

Qətiyətlə qeyd edirik ki, hazırda ölkəmizdə əldə olunan uğur və nailiyyətlərin əsaslarını ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə özünün dərin zəkası, mətin iradəsi, uzaqgörənliyi, vətənpərvərliyi, gərgin əməyi ilə yaratmışdır. Azərbaycan xalqının yetişdirdiyi ən nəhəng sima, idarəçilik sahəsində zəngin təcrübəli dövlət xadimi kimi Heydər Əliyev bütün həyatını ölkəmizin inkişafına həsr etmişdir. Bu qudrətli insan ötən əsrin 60-cı illərinin sonunda iqtisadi geriliyin və mənəvi süstlüyün hökm sürdüyü Azərbaycana rəhbər təyin olunandan sonra qısa müddətdə respublikamızda milli oyanış və irəliləyiş baş vermiş və bu proses həyatın bütün sahələrində inkişafa gətirib çıxartmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində hərc-mərcliyin məngənəsində sıxılan, torpaqları işğal olunan, daxili çəkişmələrə meydan olan, mövcudluğu təhlükə ilə üzləşən ölkəmizdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lirer Heydər Əliyev dövlət müstəqilliyin qorunub saxlanması və möhkəmlənməsi, yurdumuzun parçalanmaqdan və dağılmaqdan qorunması yolunda zəruri tədbirləri gerçəkləşdirdi.

Böyük rəhbər iqtisadi inkişafın təmin edilməsi, əmin-amanlığın yaradılması, vətəndaşların sosial-rifahının yaxşılaşdırılması istiqamətində də misilsiz fəadakarlıq göstərdi. Bununla da onun adı Azərbaycanın  çağdaş tarixinə və xalqımızın yaddaşına Böyük xilaskar və Ümummilli lider kimi həkk olundu. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu böyük siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.

Bu gün Ulu öndərin ölməz ideyalarını onun siyasi kursunun layiqli davamçısı, həyatını xalqımızın hərtərəfli tərəqqisinə həsr edən möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.  Ulu öndərin ideya və əməllərini yaşadan, dünyada yeni tipli lider kimi tanınan Azərbaycan rəhbəri dövlətçilik maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçısının yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrin sırasında öz layiqli yerini tutaraq, yüksəliş, tərəqqi nümayiş etdirir.

Son 12 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişaf tempi dəfələrlə artmışdır. Respublikamızda artıq çoxşaxəli iqtisadiyyat yaranmışdır. Qeyri-neft sektorunda və aqrar sahədə artım ilbəil çoxalır. Müdafiə sahəsində həyata keçirilən tədbirlər Azərbaycan ordusunu Qafqaz regionunun ən güclü hərbi qüvvəsinə  çevirmişdir.

 Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkə regionlarında sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq işləri geniş vüsət almış, müasir infrastruktur layihələrinin icrası şəhər və kəndlərimizin simasını büsbütün yeniləşdirmişdir. Son illərdə Prezidentin özəl sahəyə göstərdiyi ardıcıl dəstək nəticəsində artıq milli sahibkarlar təbəqəsi yaranmışdır və onlar iqtisadi- sosial inkişafa töhfələrini getdikcə artırırlar.

Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi  cənab Prezident artıq ölkə tarixində «Quruju İlham» kimi təsdiq olunub.

Ardıcıl olaraq həyata keçirilən tarazlaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə nüfuzunun və təsirinin artması məhz möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Bildiririk ki, bugünkü müzakirə və qənaətlərin məntiqi davamı kimi xalqımızın ön sıralarında gedərək,  bu siyasətin Azərbaycanımıza yeni uğurlar qazandırması naminə sevimli Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşəcək, həmişə, hər işdə ona dəstək olacağıq. Bir daha bəyan edirik ki, Ulu öndər Heydər Əliyevin tarixi uzaqgörənliklə əsasını qoyduğu və Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt hazırki çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər