Səbail rayonunda qəsəbə və ərazi nümayəndəliklərdə ilin yekunları müzakirə olunmuşdur
Səbail rayonunun qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2015-ci ilin yekunlarının müzakirəsinə başlanmışdır. Bununla əlaqədar ilk hesabat iclası Rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir. Rayonun mərkəz hissəsini əhatə edən təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2015-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov bildirmişdir ki, ötən il nümayəndəliyin ərazisində “İnturist” oteli, Səbail rayonu üzrə 10 saylı Tibbi-Sosial Ekspert Komissiyası və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binalar istifadəyə verilmiş, Bakı İdman Sarayında və 189-190 saylı orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işləri başa çatmışdır. Hazırda «Alov qüllələri» kompleksinin, "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının tikintisi, İncəsənət muzeyinin əsaslı təmiri davam edir.
Mərkəzdə 19 binanın üzlənməsi başa çatmış, 1 binada bu işlər davam edir. Hesabat dövründə mərkəz küçələrdə səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmış, sakinlərin elektrik enerjisi, qaz təsərrüfatı, istilik, su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı müvafiq işlər aparılmışdır. İl ərzində Abbasqulu Abbaszadə küçəsi boyunca 7 min yeni ağac və 15 min gül kolu, 3 min kvadrat metr qazon otu əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Paytaxtın ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində keçirilən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin illik hesabatında çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirmişdir ki, qəsəbədə hazırda 2335 nəfər əhali yaşayır, burada həmçinin 370 nəfər məcburi köçkün məskunlaşmışdır. Keçən il sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədəki tibb məntəqəsində istilik sistemi qurulmuş, dam örtüyü təmir olunmuş, qəsəbənin girişində yeni yükləyici terminal quraşdırılmışdır.
RİH-nin təşkilatçılığı ilə Bibiheybt qəsəbəsindən Lökbatan dairəsinə kimi ərazidə yol kənarlarının abadlaşdırılması işləri davam etdirilmiş, buradakı obyektlərin hasarları və istinad divarları təmir olunaraq yeni üslubda qurulmuş, 3 min kvadrat metr sahəyə yeni yaşıl qazon salınmış, 5 min yeni ağac, 35 min gül kolu əkilmiş, yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün müvafiq tədbirlər görülmüşdür.
Qəsəbə ərazisində idarə və təşkilatlara məxsus binaların fasad elementləri yenilənmiş, Namiq Quliyev küçəsində abadlıq işləri aparılmış, 2500 kvadrat metr sahədə hasarlar ağardılmış, Salyan yolu 32 ünvanında 8000 kv. metr sahəyə yeni asfalt örtüyü çəkilmiş, qəsəbə ərazisindən keçən magistral su xəttinin 500 metrlik hissəsi yenisi ilə əvəzlənmişdir. Salyan yolunun sağ tərəfində, yamacda geniş miqyaslı yaşıllaşdırma və ağacəkmə işləri çərçivəsində burada 2 ədəd 250 ton su tutumlu su çəni quraşdırılmış, 1000 p/m su xətti çəkilmiş, ağacların damcı üsulu ilə gündəlik suvarılması üçün hazırlıq işləri aparılmışdır.
Yığıncaqlarda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. E.Ağayev 2015-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində və Bibiheybət qəsəbəsində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən qəsəbə yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış, sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.