Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonundan yazan jurnalistlər mükafatlandırıldı

18 oktyabr 2012 | 15:00

Oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Toplantını giriş sözü ilə açan Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müsabiqənin yekunlaşdığını və qaliblərin müəyyənləşdirildiyini bildirib. Qalibləri təbrik edən A. Əsgərov eyni zamanda son illər rayonda görülən işlər barəsində də toplantı iştirakçılarına məlumat verib.
Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuatın vasitəsi ilə ictimaiyyətə daha yaxından çatdırmaqdır. İcraçı direktor bildirib ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir: "Artıq 3 ildir ki, Fondun təşəbbüsü ilə bu cür layihələr həyata keçirilməkdədir”. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini bildirib. O həmçinin bu cür müsabiqələrin jurnalistlərin sosial durumunun yaxşılaşdırılması və peşəkarlığının artırılması baxımından faydalı olduğunu vurğulayıb. Vüqar Səfərli müsabiqələrə təqdim edilən yazılarda yol verilən qüsurlardan da söz açıb. O qeyd edib ki, Fond bu qüsurları müzakirə etmək məqsədi ilə yaxın günlərdə media nümayəndələri ilə görüşlər həyata keçirəcək. Çıxışına davam edən icraçı direktor müsabiqəyə ümumilikdə 29 yazı daxil olduğunu və onlardan 3-nün qalib hesab edildiyini bildirib: "Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə - 1000 manat, II yer 800 manat, III yerin qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınıb. Bunlardan əlavə 10 yazı müəllifinə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdur. Amma sonradan Asif müəllimin təklifi ilə bu qərar dəyişdirildi. Belə ki, topladıqları bala uyğun müsabiqədə iştirak edən 4 jurnalistə 500, 10 müsabiqə iştirakçısına 200 , 7 nəfərə isə 100 manat məbləğində həvəsləndirici mükafat verilməsi qərara alınıb." Qalibləri təbrik edən Vüqar Səfərli bu cür tədbirlərin davamlı olacağını bildirib.
Daha sonra mükafatlandırma mərasimi keçirilib və qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunub.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Fondun icraçı direktoru Vüqar Səfərli jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriblər.
Sonda Vüqar Səfərli belə bir tədbirin keçirilməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib və qalibləri qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edib.
 

Keçidlər