Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban Bayramı Səbail rayonunda da qeyd olunmuşdur

25 oktyabr 2012 | 15:00

İslam aləminin xeyirxahlıq və fədakarlıq rəmzi sayılan, ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda da böyük təmtəraqla keçirilir.
Bu münasibətlə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilib. Keçirilən tədbirlərdən biri Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində təşkil olunub.
Rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, rayonun Korlar təşkilatı, Əlillər cəmiyyəti, Çernobıl əlilləri cəmiyyəti və 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. O, rayonda həyata keçirilən sosial yönümlü işlər barədə geniş məlumat verərək, görülən işlərlə yanaşı rayon ictimaiyyətinin nümayəndələrindən iki nəfərin Həcc ziyarətinə göndərildiyini də bildirmişdir.
Səbail rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyəti çərçivəsində görülən işlər sırasında rayon sakinlərinin sosial vəziyyətlərinin nəzərə alınaraq daxili imkanlar hesabına müxtəlif yardımların edilməsi, çətin vaxtlarda onlara yardımçı olunması, müxtəlif yubiley və bayram tədbirlərinin keçirilməsi ilə bağlı işlər həyata keçirilmişdir. Belə ki, 20 Yanvar, Xocalı, Çernobıl faciələrinin, II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı tədbirlərdə 100 iştirakçıya 5950 manat maddi yardım göstərilərək ərzaq bağlaması təqdim olunmuş, 2 nəfərə əlil arabası verilmiş, 5 nəfər məcburi köçkünün dəfn mərasimi təşkil olunmuş, Erməni silahlı qüvvələri tərəfindən Şuşanın işğalının 20 illiyinə həsr olunmuş tədbirdə, Novruz, Ramazan və digər bayramlar ərəfəsində rayonda yaşayan aztəminatlı, kimsəsiz, Şəhid ailəsi və əlil, məcburi köçkünlərin, həmçinin rayon təsərrüfat xidmətlərinin işçilərinə – ümumilikdə 6000 ailəyə ərzaq bağlamaları, Ramazan ayı ərzində rayonun müxtəlif yaşayış sahələrində 1000 nəfər üçün iftar süfrələri təşkil olunmuş, RİH tərəfindən keçirilən müxtəlif tədbirlərdə 888 nəfərə qiymətli hədiyyə verilmişdir.
RİH-nin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə ət paylanır ki, 9 ayda 2500 pay ət paylanmış və 200 nəfərə maddi yardım göstərilmiş, Məktəblilərin asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlərdə 700-dən çox uşaq və yeniyetmə iştirak etmiş, 150 uşaq dəniz gəzintisinə aparılmış, yarım il ərzində Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Sinema Klub»da 1500 uşağın pulsuz 3 D formatda uşaq filmlərinə baxışı və 600 məktəblinin rayon ərazisindəki muzeylərə pulsuz ekskursiyaları, avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» yay istirahət düşərgəsində pulsuz istirahəti təşkil olunmuşdur. 15 sentyabr “Bilik günü” münasibətilə aztəminatlı ailələrdən olan 100 nəfər şagirdə məktəbli forması verilmişdir.
Səbail rayonunda Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə isə 2400 ailəyə qurban payları verilib.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlər və ictimaiyyət nümayəndələri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, «Bibiheybət» ziyarətgahı və İçəri şəhərdəki «Cümə» məscidində də keçirilmiş, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunmuşdur.
 

Keçidlər