Səbailli məktəblilər Naxçıvanı gəzmişlər
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan şagirdlər martın 16-da Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət müəssisələri, istehsalat sahələri ilə tanış olublar.
Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət ediblər.
Sonra məktəblilər Heydər Əliyev Muzeyinə gələrək, buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Regionun nüfuzlu ali təhsil ocaqlarından biri olan “Naxçıvan” Universitetinə gələn şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə var. 2015-ci il sentyabrın 15-də - Bilik günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Yaradılmış şərait nəticəsində ali təhsil ocağında təhsil alan tələbələrin sayı hər il artır. Hazırkı tədris ilində universitetdə artıq minə yaxın tələbə təhsil alır. İndiyədək universitetin 3245 məzunu olub. Bu tədris ilində universitetdə 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Qeyd edilib ki, bu gün “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilib. Dünyanın məşhur təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9 ali təhsil ocağı, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 51-ə çatıb.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.
Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr də şagirdlərin diqqətini cəlb edib. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr şagirdlərdə böyük maraq oyadıb.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatın türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Xan sarayında olarkən məktəblilərə məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Sonra qonaqlar Biznes Mərkəzinə gəliblər. Əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya məkanı kimi 2004-cü ildə fəaliyyətə başlayan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir. 2013-cü ildən isə mərkəz öz fəaliyyətini bu məqsəd üçün yeni inşa edilmiş binada davam etdirməkdədir. Yeni binada müasir tələblərə uyğun bütün şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, hazırda burada muxtar respublikada 96 müəssisə tərəfindən istehsal olunan məhsullar nümayiş olunur. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər 900-dən çox çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan Gəmiqaya Holdinq, Dizayn Holdinq, Araz Holdinq, Cahan Holdinq, Zümrüd Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Xalq yaradıcılığı emalatxanası ilə tanışlıq zamanı qeyd edilib ki, bu gün muxtar respublikada milli sənət növlərinin yaşadılmasına və inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Naxçıvan şəhərində xalq yaradıcılığı emalatxanasının yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan növbəti addım olub. Hazırda emalatxanada xalçaçılıq, dekorativ-tətbiqi sənət, ağac üzərində oyma, dulusçuluq kimi xalq yaradıcılığı sahələri ilə məşğul olan sənətkarlar fəaliyyət göstərirlər.
Naxçıvan turunun proqramı şagirdlərin iştirakı ilə keçirilən müxtəlif intellektual oyunlarla davam edib.