Beynəlxalq Aeroportda Naxçıvana yola salma mərasimi keçirılıb
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının ikinci mərhələsi çərçivəsində martın 24-də Bakı şəhərinin 12 rayonunun - Binəqədi, Qaradağ, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Xətai, Yasamal, Xəzər və Pirallahının məktəblərindən 160 şagird bələdçi-müəllimlərin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda toplaşan məktəblilər burada bayram əhval-ruhiyyəsi ilə qarşılanıblar. Əllərində Azərbaycan bayraqları olan aksiya iştirakçıları bədii proqrama tamaşa ediblər. Milli geyimli qızlar musiqi və rəqs qruplarının müşayiəti ilə məktəbliləri Novruzun rəmzləri sayılan səməni və bayram xonçaları ilə yola salıblar.
Şagirdlər martın 27-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.
Tur-aksiyanın əhəmiyyətindən danışan qrup rəhbəri Elnur Seyidov qeyd edib ki, bu gün orta məktəb şagirdlərinin Naxçıvana növbəti maarifləndirici tur-aksiyası təşkil edilir. Bu layihə Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Biz dövlətimizin başçısının bu təşəbbüsünə görə ona minnətdarıq. Çox sevinirik ki, bizim əlaçı şagirdlərimiz bu aksiyada iştirak edirlər. Layihə gənclərin Vətənimizi daha yaxından öyrənməsində, onların dünyagörüşünün artmasında mühüm rol oynayacaq. Belə gözəl tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayırıq.
Şagird Cəlil Əhmədov deyib: “Bu gün yoldaşlarımla birgə qədim Naxçıvana səyahət edəcəyəm. Bu işdə əməyi olan hər bir kəsə, xüsusən də bizi düşündüyünə görə Prezidentimiz İlham Əliyevə həmyaşıdlarım adından təşəkkür edirəm. Ümidvaram ki, dərsliklərdən və digər mənbələrdən öyrəndiyimiz məlumatları əyani şəkildə görəcəyik”.
Məktəbli Murad Sücəddinov isə sevincini belə ifadə edib: “İlk dəfə eşidəndə ki, Naxçıvana ekskursiyaya yollanıram, çox sevindim. Naxçıvanın abidləri və tarixi haqqında kitablardan oxumuşam. Ancaq onu canlı görmək başqa hissdir. Tur-aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu layihə həqiqətən də biz gənclər üçün çox mühüm əhəmiyyət kəsb edir”.
Mətanət Oruczadə qeyd edib ki, Naxçıvanın görməli yerləri çoxdur. Hüseyn Cavid məqbərəsi, Möminə Xatun türbəsi və “Əshabi-Kəhf” ziyarətgahı ilə tanış olacağam. Bu fürsəti yaratdığına görə “Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkilatçılarına təşəkkürümü bildirirəm. Tur-aksiyanın biz məktəblilərin dünya görüşünün artmasına səbəb olacağına inanıram. Əminəm ki, bu ekskursiya tarix dərsində öyrəndiklərimizi əyani şəkildə görməyə imkan yaradacaq.
Şagirdlər doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşan tur-aksiyanın təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra maarifləndirici tur-aksiya iştirakçıları təyyarə reysi ilə Naxçıvana yola salınıblar.