Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır
Aprelin 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Səbail Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib.
Tədbirdə Bakı Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, qəsəbə icra, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri, eləcə də çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak ediblər.
Müşavirədə rayon ərazisindəki çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülməli olan işlər müzakirə edilib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abid Əliyev tədbirin əhəmiyyətindən danışıb, FHN-in, yerli icra və özünüidarəetmə orqanlarının birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Dövlət Sularda Xilasetmə Xidmətinin nümayəndəsi “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması” mövzusunda çıxış edib, rayon ərazisindəki çimərliklərdə keçirilən monitorinqin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə çıxış edən natiqlər “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzularında ətraflı məlumat veriblər.
Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çimərlik sahələrində müşahidə olunan problemlər barədə danışıb, həmin sahələrə nəzarətin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O qeyd edib ki, paytaxt sakinlərinin, eləcə də Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları ilə bağlı ölkəyə gələcək turistlərin çimərliklərə axınını nəzərə alsaq, həmin problemlər təcili aradan qaldırılmalı, eləcə də insanların təhlükəsizliyinin daha yaxşı təmin edilməsi istiqamətində təxirəsalınmaz işlər görülməlidir.
Tədbirin sonunda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilib.