Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görkəmli müğənni Bülbülün abidəsinin açılışında iştirak etmişdir

01 noyabr 2012 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir.
Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri və xaricdən gəlmiş qonaqlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir.
Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü.
Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Rusiyanın Xalq Artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışdılar. Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev görkəmli müğənni Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirdi, onlarla səmimi söhbət etdi.
 

Keçidlər