Səbailli məktəblilər üçün Qusarda yay düşərgəsi yaradılmışdır
Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Keçirilən tədbirlərdən biri də Səbail Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə layihəsi olan Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsinin yaradılması olmuşdur.
Bütün təşkilati işlər başa çatdırılmış və RİH-də düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və orta məktəblərin rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov iştirakçıları salamlamış və rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Qusar şəhərində təşkil olunan düşərgə artq ənənəvi xarakter daşıyır. Onun faliyyəti üçün təşkilatçılar tərəfindən hər cür şərait yaradılmışdır. Bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına yönəldilmiş siyasətin bir hissəsidir.
Qeyd olunmuşdur ki, düşərgəyə yollanacaq məktəblilər öz təhsilləri, ictimai işlərdə fəallıqları, idman və digər sahələrdə fərqləndikləri üçün seçilmişlər. Onlar bu istirahət düşərgəsində oxuduqları məktəb kollektivlərini layiqincə təmsil etməlidirlər.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və Müdafiə Nazirliyinin zabitləri, çavuş və əsgərləri məşğul olacaqlar.
Burada uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcək, şagirdlərin Qusarın görməli yerlərinə, Olimpia Kompleksinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaqdır.
Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən müxtəlif mövzularında məşğələlər keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması planlaşdırılmışdır.
Tədbirdə çıxış edən valideynlər yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə Ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.