Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu

20 iyul 2016 | 16:00

 

Möhtərəm cənab Prezident!

Bu gün dünyanın hər yerində milyonlarla insanın diqqətini XXI əsrin möcüzəsi kimi cəlb edən Azərbaycan gerçəkliyinin qəlbimizdə oyatdığı böyük qürur və iftixar hissini Sizinlə bölüşmək istəyirik.

Ötən əsrin təlatümlü, qanlı-qadalı illərinin, ölkəni viran qoyan dağıdıcı proseslərin içərisindən xalqımızın ümummilli lideri Heydər Əliyevin dühası, iradəsi və qətiyyəti ilə sıyrılıb çıxmış Azərbaycan müstəqilliyinin qısa bir dövrü ərzində əsrə bərabər bir inkişaf yolu keçmiş, dünyanın nüfuzlu söz sahiblərindən birinə çevrilmişdir. Azərbaycan dövlətinin ictimai-siyasi və sosial-iqtisadi dayaqları möhkəmlənmiş, ölkəmiz dünyanın diplomatiya, ölkələr və qitələrarası əməkdaşlıq, mədəniyyət və incəsənət, multikulturalizm və konfessiyalararası anlaşma, böyük idman oyunları mərkəzlərindən biri kimi tanınmışdır.

Bütün bu nailiyyətlər bilavasitə Sizin rəhbərliyiniz və iştirakınızla əldə edilmişdir, cənab Prezident!

Bu gün dünya yenə çalxalanır, iqtisadi tənəzzül, maliyyə problemləri ölkələri diz çökdürür, neçə-neçə məmləkətdə qanlar axır, silahlı qruplaşmalar meydan sulayır, terrorizm uşaqlara, qadınlara, qocalara da aman vermir, dini və irqi dözümsüzlük əsəbləri tarıma çəkir, insanları fəlakətə sürükləyir, bəşəriyyətin qədim maddi və mədəni sərvətləri tarmar edilir, böyük dövlətlərin buyruq qulu kimi biyabırçı bir “titulu” ilə tanınmış işğalçı Ermənistanda dövlət siyasəti faşizm üzərində qurulur...

Azərbaycan isə hətta belə bir vaxtda da qlobal layihələrin müəllifi və əsas iştirakçısı kimi çıxış edir. Ölkədə əmin-amanlıq höküm sürür.

Respublikanın əhalisi siyasi sabitlik şəraitində yaşayır və gələcəyinə inamla baxır. Həyata keçirilən sosial-iqtisadi  inkişaf proqnozları ölkəmizin şəhər və  kəndlərinin mənzərəsini bənzərsiz çalarlarla zənginləşdirir. Dünyanın hətta ən məşhur və ən tələbkar memarlıq və arxitektura biliklərini heyran edən paytaxtımız  Bakı bu gün Şərqin və Qərbin ən gözəl, ən parlaq şəhərlərindən biri kimi məşhurlaşmışdır. Səbail rayonu isə bu şəhərin füsunkar mərkəzi hissəsi kimi yüksək zövqün, heyranedici şəhərsalma mədəniyyətinin rəmzlərindən biridir.

Bütün bunlar ilk növbədə Sizin xidmətinizdir, cənab Prezident!

Sizin siyasi müdrikliyinizin, hər sahədə əsas quruculuq hədəflərini dəqiq müəyyən etməyinizin bəhrələridir.

Bu ilin aprelində Siz Azərbaycana və onun vətəndaşlarına böyük qələbə sevinci bəxş etdiniz. Müzəffər Azərbaycan ordusunun bölmələri düşmənin növbəti fitnəkarlığının qarşısını mərdliklə alaraq, ermənilərin hərbi gücü və döyüşkənliyi barəsində onların özlərinin yaratdıqları mifi qırıb dağıtdılar və torpaqlarımızın bir hissəsi üzərində yenidən Azərbaycan bayrağını dalğalandırdılar.

Ölkəmizin silahlı qüvvələrinin Ali Baş Komandanı kimi bu, ilk növbədə Sizin xidmətinizin bəhrəsidir!

Cənab Prezident!

Ölkəmizin və xalqımızın xöşbəxt gələcəyi naminə Sizin yorulmaz fəaliyyətiniz hamımız üçün böyük nümunə və örnəkdir. Yalnız bu ilin 6 ayında Sizin xarici səfərlərinizin dünyanın böyük güc mərkəzlərini təmsil edən həmkarlarınızla, siyasi xadimlərlə Bakıda və onların paytaxtlarında görüş və danışıqların xronikası göstərir ki, həyatını, varlığını bütünlüklə doğma torpağa, doğma xalqa həsr edən və bir insan, bir rəhbər kimi öz xöşbəxtliyinin mənasını da ölkəsinə və millətinə xidmətdə görən Prezident və böyük şəxsiyyətsiniz.

Bütün gördüyünüz işlərə görə biz Sizə minnətdarıq, cənab Prezident!

Biz Sizinlə fəxr edirik, cənab Prezident!

Sizin rəhbərliyiniz altında çalışmağı, Sizin göstəriş və tapşırıqlarınıza əməl etməyi, vətənə xidmət işini Sizdən öyrənməyi özümüzə şərəf bilirik.

Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Dərin hörmətlə,

 

 

Bakı şəhəri  Səbail  rayon  sakinləri  adından     19 iyul 2016-cı il tarixli 2016-cı ilin birinici yarımilliyində Səbail rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakşıları

 

 

Keçidlər