Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak etmişdir

15 noyabr 2012 | 16:00

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak etmişdir.
Ən müasir tələblərə cavab verən yeni nəqliyyat infrastrukturunun yaradılması ölkəmizin tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycanın regionda mövqeyini daha da möhkəmləndirir. Nəqliyyatın digər sahələri kimi dəniz nəqliyyatının inkişaf etdirilməsi də dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi ölkəmizin dəniz nəqliyyatı ilə yükdaşıma imkanlarının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Gəmi kapitanı Rasim Nəzərov gəmi-bərələrin istismara hazır olması barədə Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı “Balakən” gəmi-bərəsi ilə yaxından tanış oldu.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov gəmiçiliyin nəqliyyat donanmasının yenilənməsi ilə bağlı görülən işlər barədə Prezidentə məlumat verdi. Bildirildi ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Yükdaşıma qabiliyyəti 54 vaqon, uzunluğu 155 metr, eni 18 metr olan gəmi-bərənin suya oturumu 4,5 metrdir. Bərələr Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Eyni vaxtda bir neçə növ neft məhsulu daşıya bilən bərələr Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmaqla nəqliyyat donanmamızı daha da zənginləşdirəcəkdir.
Dəniz nəqliyyatının inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər gəmiçiliyin donanması 10 tanker və 4 gəmi-bərə ilə öz imkanlarını daha da genişləndirmişdir. “Bərdə” və “Balakən” ilə birlikdə yeni gəmilərin sayı 16-ya çatdırılmışdır. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri də yaxın gələcəkdə tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yükləri vaxtında Xəzərin o tayına və əks istiqamətə çatdırmaqdır.
Prezident İlham Əliyev gəminin texniki parametrləri və imkanları ilə tanış olduqdan sonra onun istismara verilməsini bildirən düyməni basdı.
 

Keçidlər