Səbaildə Müqəddəs Qurban Bayramı geniş qeyd olundu
Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonun qəsəbələri, yaşayış sahələrində imkansız ailələrə paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri rayonun Bayıl yaşayış sahəsində təşkil olunmuş mərasim olmuşdur.
Daha sonra tədbir rayonun Badamdar qəsəbəsində davam etmişdir. Buradakı tədbirə rayon rəhbərliyi ilə yanaşı rayonun din xadimləri, qəsəbə bələdiyyəsinin, ictimaiyyətinin, burada məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, qəsəbə ağsaqqalları, iş adamları, Badamdardakı hərbi hissənin şəxsi heyətinin üzvləri toplaşmışdı. Bayramsayağı bəzədilmiş həyətdə islam adət-ənənələrinə uyğun, din xadimlərinin iştirakı ilə qurbanlar kəsilərək paylanmışdır. Aşıqların ifası tədbiri daha rəngarəng etmişdir.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərlə görüşmüş, onları bayram münasibəti ilə təbrik etmiş, burada təşkil olunmuş çay süfrəsi ətrafında ağsaqqallar, veteranlar, ictimaiyyət nümayəndələrinə gələcəkdə Badamdar qəsəbəsində nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf barədə məlumat verilmişdir.
Tədbirdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın Milli mənəvi dəyərlərlərinə olan diqqət və qayğısından, bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışılmış, qeyd olunmuşdur ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 7000-dən çox ailəyə qurban payları təqdim ediləcəkdir.
Qurban Bayramı ilə əlaqədar tədbirlər rayonun digər qəsəbə və yaşayış sahələrində, həmçinin «Bibiheybət ziyarətgah» məscidi və İçəri şəhərdəki «Cümə» məscidində də keçiriləcəkdir.