Şriftin ölçüsü :

Saytın rəngi :

29 saylı Səbail seçki dairəsinin məntəqələrində fəallıq müşahidə olunur

26 sentyabr 2016 | 16:00

Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə sentyabrın 26-da səsvermənin ilk saatlarından məntəqələrə axın başlanıb.
38 min 727 seçicinin qeydiyyatda olduğu dairənin ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Əlavə olaraq rayondakı iki hərbi hissədə, Şamama Ələskərova adına Kliniki Doğum Evində, Mərkəzi Kliniki Xəstəxanada, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində və bp-nin 7 platformasında məntəqələr yaradılıb. Məntəqələr bütün zəruri ləvazimatla təchiz olunub.
Şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki məntəqələrin 12-də (1, 2, 4, 5, 10, 11, 13, 15, 17, 19, 22, 23) veb-kamera quraşdırılıb.
Dairənin ərazisində mövcud olan məntəqələrdə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. Seçicilərə məntəqələrdə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenləri təqdim olunur.
Qeyd edilib ki, məntəqələrdə səsvermənin gedişini yerli və müxtəlif ölkələri təmsil edən beynəlxalq müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyirlər. Həmçinin bu prosesin nəticələrinin cəmiyyətə çatdırılması üçün xarici və yerli kütləvi informasiya vasitələri ümumxalq səsverməsini sərbəst işıqlandırırlar. Məntəqələrin çıxışında isə "exit-poll" keçirilir.
29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı 2, 6 saylı məktəbdəki 6, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayındakı 7 saylı, Botanika İnstitutundakı 1 saylı seçki məntəqələrində fəallıq daha çox müşahidə olunur.

Keçidlər