Prezident İlham Əliyev görkəmli müğənni Rəşid Behbudovun abidəsinin açılışında iştirak edib
Oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyevə məlumat verildi ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürdü.
Dövlətimizin başçısı abidənin önünə gül qoydu və çıxış etdi.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz ƏLİZADƏ, Azərbaycanın Xalq Artisti Mübariz TAĞIYEV, Xalq Artisti, Dövlət Mükafatı laureatı Xuraman QASIMOVA, Azərbaycan və SSRİ Xalq Artisti, Dövlət Mükafatı laureatı Fidan QASIMOVA, müğənninin ailə üzvləri adından Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev çıxış etdilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rəşid Behbudovun ailə üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdilər.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünya şöhrətli müğənninin ailə üzvləri və mərasimə gələn qonaqlarla xatirə şəkilləri çəkdirdilər.
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Əməkdar Artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında dünya şöhrətli müğənnilər Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinlədilər.