Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib

10 noyabr 2016 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə universitetin Heydər Əliyev məktəbinin lektoriyasında Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ziyalıları, təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, dini icmaların və rayon ictimaiyyətinin nümayəndələri, pedaqoji universitetin müəllim və tələbələri iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi barədə danışıb. Bildirib ki, İkinci Dünya müharibəsindən sonra Avropada tolerantlıq və multikulturalizm istiqamətində müəyyən addımlar atılıb, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyası imzalanıb. BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun 1995-ci il noyabr ayının 16-da keçirilən 28-ci sessiyasında isə 185 dövlətin  iştirakı ilə tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul etdiyi qərara əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Azərbaycanda bu gün 1999-cu ildən qeyd olunur.
Səbail RİH-in başçısının müavini Eldar Ağayev tədbirin əhəmiyyəti bu gün üçün aktual xarakter daşıdığını qeyd edib. Bildirilib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Bu gün  ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.
Tədbirlə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan tarixən tolerant və multikulturalist bir ölkə kimi tanınıb. Bu, bütün Türk dünyasının möhtəşəm abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanında da öz əksini tapıb. İslam dini də tolerantlıq və multikultural dəyərlərə böyük önəm verir. Tolerantlıq və multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır. Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir. Tolerantlıq digər inanc və əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Tolerantlıq irqçiliyi,  dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Tolerant yanaşmanın zəif olması bu mənfi təzahürlərin güclənməsinə təkan verir. Buna görə də tolerantlıq və multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.


Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş, ölkəmizdə olan bütün xalqların, milli azlıqların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm üçün əlverişli mühit mövcuddur. Azərbaycanda hər bir insan dini etiqadında azaddır. Azərbaycanda bütün xalqlar və milli azlıqlar dini mənsubiyyətlərindən asılı olmayaraq, azad və müstəqil yaşayırlar. Onların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilmişdir. Ölkəmizdə xristian kilsələri, sineqoqlar bərpa edilib, müxtəlif dinlərin təmsilçilərinin dövlət büdcəsi hesabına cəmiyyətləri və mətbu orqanları fəaliyyət göstərir. Respublikamızda tolerantlıq və multikulturalizm mövzularında ardıcıl olaraq mötəbər beynəlxalq tədbirlər keçirilir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini, UNESKO-nun və İSESKO-nun xosməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyət göstərdiyini xüsusi qeyd etmək lazımdır. Bir sözlə, bu gün Azərbaycanda tolerantlığın və multikulturalizmin inkişafı üçün hər cür şərait yaradılıb, ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli bir örnəkdir.
Tədbirdə çıxış edən “İçərişəhər” Cümə məscidi dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, ADPU-nin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, “Sodrujestvo” Cəmiyyəti İdarə heyətinin üzvü Vadim İlyasov, ADPU-nin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mübariz Əmirov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Kofederasiyasının sədr müavini, polkovnik Həsən Əmirov və başqaları bildiriblər ki, tolerantlıq və multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Bu siyasətin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, respublikamızda yaşayan bütün millətlərin, milli azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır. Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış və dövlət siyasətinin prioritet istiqamətlərdən birinə çevrilmiş Azərbaycandakı tolerantlıq və multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 

 

Keçidlər