Bayıl yamacında 1 milyon ağac əkiləcək
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən bu ilin əvvəlindən Səbail rayonu Bibiheybət qəsəbəsindəki «Şıx» yamacındakı dağ massivində Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Ekoloji park”ın salınması ilə bağlı layihənin icrasında növbəti mərhələyə başlanıb.
Bu barədə məlumat verən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev bildirmişdir ki, keçən müddət ərzində Rayon İcra Hakimiyyəti tərəfindən 168 metr hündürlükdə 1 əsas və 2 köməkçi su rezeyvuarları, müxtəlif diametrli 3,7 km uzunluğunda polad və plastik borulardan əsas paylama, 39,0 km uzunluğunda köməkçi xətlər çəkilmiş, 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılmışdır.
İlin əvvəlindən yamacdakı 24 ha sahədə yerli iqlimə uyğun 70 min ədəd Eldar şamı, oleandr və digər ağaclar əkilib. Damcılı suvarma və gündəlik qulluq göstərilməsinin nəticəsidir ki, əkilən ağaclar inkişaf dövründədir, inkişafın fəsillərə uyğun davam etməsi daimi nəzarətdə saxlanılır.
Sentyabr ayından etibarən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə burada növbəti mərhələdə işlərə başlanılaraq əlavə 10 ha-da yeni suvarma sistemi qurulub və yeni ağaclar əkilməyə başlanıb.
Uzun müddətli layihə olan bu «Ekoloji park»da işlər dağ massivinin hər iki tərəfin tam şəkildə əhatə edərək burada 1 milyona yaxın müxtəlif ağacların əkilməsi ilə davam edəcəkdir. Bu işlər ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə bir töhfə olacaqdır.