Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar faciəsindən artıq iyirmi yeddi il ötür. Xalqımızın qan yaddaşına yazırmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.
(17.01.2017) - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin «20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və bu plana uyğun olaraq rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir, rayondakı muzey və sərgi salonlarında müxtəlif sərgilər təşkil olunur. Orta və ali təhsil müəssisələrinin şagird və tələbələrin «Şəhidlər Xiyabanı»na ziyarəti təşkil olunur. Yanvar ayının 19-da rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcəkdir.
Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər il olduğu kimi rayon rəhbərliyi, YAP Səbali rayon təşkilatının sədri, respublika «20 Yanvar» cəmiyyəti», Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və rayonun ictimai təşkilatlarının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixində həkk olunmuş ən qanlı faciələrdəndir. Bu faciəyə ilk hüquqi qiyməti isə Ulu öndər Heydər Əliyev vermişdir. Bu gün möhtərəm Prezidentimiz həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.