Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbə nümayəndəliyi hesabat vermişdir

26 yanvar 2017 | 16:00

Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və 500 nəfərə yaxın qəsəbə sakinlərinin iştirakı ilə hesabat yığıncağı keçirilmişdir. Açıq mikrofon formatında təşkil olunmuş yığıncaqda Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev hazırda 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkünün məskunlaşdığı qəsəbədə ötən il görülən işlər barədə məlumat verərək bildirmişdir ki, 2016-cı ildə qəsəbədə geniş abadlıq, yolların təmiri  və  asfaltlaşdırılması işləri aparılıb. Əziz Nəzərov küçəsi tam şəkildə təmir olunaraq asfaltlaşdıprılıb, qəsəbənin digər küçələrinə ümumilikdə   70 min kv.metr  asfalt örtüyü salınıb.  Qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə böyük işlər artıq başa çatmaq üzrədir.
RİH tərəfindən həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində Tofiq Məmmədov küçəsi 4, Seyran Məmmədov küçəsi 6 və 8, Göyüş Qarayev küçəsi 1 saylı binaların həyətində əsaslı təmir-abadlıq işləri görülüb, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Ötən il Badamdar şossesində yerləşən obyektlərin fasadlarında və istinad divarlarında təmir-bərpa işləri davam etmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqların uyğun olaraq RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı memarlar qrupu tərəfindən layihələndirmə işləri gedir  və yaxın vaxtlarda burada işlərə başlanacaqdır.
Qəsəbədə  tam yenidənqurmaya ehtiyacı olan, köhnə yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi məqsədi ilə   Tofiq Məmmədov  küçəsi 1-3 və 3-5 ünvanlarında  çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı artıq işlərə başlanmış, daha 2 ünvanda isə hazırlıq işləri görülür.
Qəsəbədə torpaqların zəbt olunması və qeyri-qanuni tikintilərlə mübarizə istiqamətində işlər davam etdirilir,  bununla bağlı RİH tərəfindən 3-cü massivdə tikilən su anbarlarının yaxınlığında uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, burada qanunsuz aparılan tikintilərin sökülərək torpaqların dövlətə qaytarılması işləri həyata keçirilmiş, 4,8 ha ərazi daş və digər tullantılardan təmizlənib və burada 5 min zeytun ağacı əkilərək böyük bir bağ salınıb, ağacların damcı üsulu ilə suvarılması üçün xətlər çəkilib. 
İcra nümayəndəsinin hesabatından sonra açıq mikrofon formatında qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Qəsəbənin gələcək inkişafı, çoxmənzilli yaşayış binalarının istiliklə təminatı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, ərzaq məhsullarının satış-yarmarkasının fəaliyyəti, nəqliyyatla yaranmış problemlər  və s. barədə müraciətlər dinlənilmiş, sakinlər “AzərSu” ASC tərəfindən qəsəbədə görülən işlərin ləng aparılması ilə bağlı ciddi iradlarını bildirmiş, onları narahat edən suallar cavablandırılmış, nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Eldar Əzizov     ölkə başçısı tərəfindən Səbail rayonu və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmış, Badamdar qəsəbəsinin inkişaf perspektivlərinə toxunaraq bildirmişdir ki, RİH tərəfindən qəsəbədə «Abad məhəllə»lərin yaradılması, qəsəbədə köhnə binaların yerinə yeni çoxmərtəbəli binaların tikintisi işləri davam etdiriləcək, RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı  işlər həyata keçiriləcək, qəsəbənin su və kanalizasiya şəbəkəsinin yenidənqurulması işləri başa çatdırılacaq, bu da  sakinlərin daimi su ilə təmin olunmasına imkan verəcəkdir.


20-dən çox çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmişdir. 

 

 

Keçidlər