Səbail rayonunda abadlıq-quruculuq işləri geniş vüsət almışdır
Səbail rayonunda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri Badamdar qəsəbəsinin görkəmini günü-gündən dəyişir. Son 3 il ərzində görülmüş işlərlə yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən «Abad həyət» layihəsi çərçivəsində qəsəbəbə 15 həyət əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Noyabr ayında qəsəbədə istifadəyə verilmiş növbəti «Abad həyət» Neftçilər döngəsi 7 ünvandakı həyət olmuşdur. Həyətin təmiri ilə yanaşı Neftçilər dongəsi 7 ünvanda yerləşən və bir birinə paralel olan 2 binanın da əsaslı təmiri aparılaraq başa çatdırılmışdır.
Neftçilərin yaşadığı 50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış binaların fasadı əsaslı təmir olunaraq hər birinə 2000 kv. metrdən çox aqlay üzlük çəkilmiş, həyət tərəfdə binanın bloklarda yeni plastik pəncərələr və girişlərdə isə yeni dəmir qapılar quraşdırılmışdır.
Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilmiş, əlavə artırmalar sökülmüş, eyvanlar lambirlə üzlənmiş, taxtadan dekorativ bəzək vurulmuşdur. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunmuşdur.
Küçə tərəfdəki ağaclar budanmış, yeniləri əkilmiş, küçəyə yeni asfalt qatı salınmışdır.
Binanın sakinləri görülən işlərin keyfiyyətindən razı qalmış, onlar üçün burada yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.