Prezident İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış mərasimində iştirak edib
Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRI Xalq Artısti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı maestro Niyazinin abidəsinin açılışını etdi.
Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov çıxış etdilər.
Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.