Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışında iştirak edib

10 fevral 2017 | 16:00

Fevralın 10-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına yeni xidmət mərkəzi barədə məlumat verdi. Bildirildi ki, nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə verilib. Sahəsi 500 kvadratmetrdən çox olan mərkəz müasir standartlara uyğun əsaslı təmir olunub.
Dövlətimizin başçısına və xanımına mərkəzdəki e-GovPay ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Yaxın gələcəkdə isə həmin sistem vasitəsilə dövlət rüsumları da ödəniləcək. “Şəbəkə” xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir. Burada işçi heyəti üçün treninqlər də keçirilir. İşə 60 nəfərdən çox əməkdaş cəlb olunub. Bildirildi ki, Bakı şəhərində ilkin mərhələdə 10 belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. 
Mərkəzdəki “elektron imza” və “elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, müxtəlif ölkələrə səyahətə və istirahətə gedənlər də buradan sərfəli qiymətə aviabiletlər əldə edə bilərlər. Bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin bütün günlərində səhər saat 9-dan axşam saat 8-dək xidmət göstəriləcək.
Yeni xidmət mərkəzi ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Keçidlər