Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaranmasının 24-cü ildönümü qeyd olunub

22 fevral 2017 | 16:00

Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təsis edilməsinin 24-cü ildönümünə həsr olunan tədbir keçirilib.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP-ın ölkəmizin ictimai-siyasi həyatında, xalqımızın müstəqilliyin itirilməsi təhlükəsindən xilas olunmasında və respublikamızın dinamik inkişaf yoluna çıxarılmasında rolunu yüksək qiymətləndirib. Bildirib ki, YAP yarandıqdan sonra ilk təsis olunan rayon təşkilatlarından biri də Səbail rayon təşkilatıdır. Ş.Hacıyev təşkilatın uğurlu fəaliyyətində uzun müddət bu quruma sədrlik etmiş mərhum Zahid Qaralovun misilsiz xidmətlərini vurğulayıb, onun rəhbərliyi dövründə qurumun 9 konfransının keçirildiyini deyib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğulayan Ş.Hacıyev bu uğurlarda üzvlərinin sayı 700 minə çatan YAP-ın mühüm rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, bu gün YAP böyük ictimai-siyasi qüvvə olmaqla yanaşı, regionun ən böyük və qüdrətli partiyasıdır. Partiyanın avanqard qüvvələrindən olan YAP Səbail rayon təşkilatının üzvləri də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
2016-cı ildə dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhranın Azərbaycana da təsirsiz ötüşmədiyini diqqətə çatdıran Ş.Hacıyev bildirib ki, buna baxmayaraq, ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin olunması mühüm nailiyyətlərdən biridir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrdə iqtisadiyyatın bütün sahələrində mühüm islahatlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafını nəzərdə tutan və 12 sahəni əhatə edən, uzun müddətə hesablanan “Strateji yol xəritələri”nin qəbul olunması mühüm hadisədir.
Ötən il ölkəmizin həyatında ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi referendumun önəmini qeyd edən Ş.Hacıyev bu prosesdə YAP-ın, o cümlədən təşkilatın da fəal iştirak etdiyini bildirib.
Sonra YAP Səbail rayon təşkilatının ötənilki fəaliyyətinin yekunlarını əks etdirən təqdimat nümayiş olunub.
Hesabat məruzəsində qeyd edilib ki, YAP Səbail rayon təşkilatının üzvlərinin sayı 24 min 509 nəfərdir. Bunlardan 13 min 725-i qadın, 16 min 169 nəfəri isə gənclərdir. Hesabat dövründə partiyaya 499 nəfər üzv olub ki, onun da 369-u gənc, 270-i isə qadın olub. Rayon təşkilatı bələdiyyələrdə 8, Milli Məclisdə isə 9 üzvlə təmsil olunur. Ali təhsilli üzvlərin sayı 9021 nəfərdir ki, onlardan da 496-sı elmlər namizədi, 110-u isə elmlər doktorudur. Ötən il YAP Səbail rayon təşkilatı ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, müxtəlif konfrans, seminar, “dəyirmi masa” və müsabiqələr keçirib.
Milli Məclisin sədr müavini Bahar Muradova tədbirdə çıxış edərək xalqımızın qədim və zəngin tarixinin, ölkəmizin uğurlarının təbliğində YAP-ın, o cümlədən partiyanın Səbail rayon təşkilatının üzvlərinin, xüsusən də gənclərin rolunu yüksək qiymətləndirib. Təşkilatın ötən 24 ildəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayan B.Muradova YAP-ın bütün üzvlərinin partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin inkişafı prosesinə mühüm töhfə verdiklərini diqqətə çatdırıb.
Hazırda YAP-ın bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirildiyini, partiyaya yeni nəfəs gəldiyini deyən Milli Məclisin sədr müavini əldə olunan uğurlarda partiyanın veteranlarının mühüm rolunu qeyd edib, qarşıdakı illərdə təşkilatın üzvlərinə uğurlar arzulayıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əlamətdar gün münasibətilə təşkilatın üzvlərini təbrik edib. YAP-ın regionda ən böyük siyasi qüvvəyə çevrildiyini vurğulayan E.Əzizov partiyaya yeni üzvlərin, xüsusən gənclərin cəlb olunması istiqamətində geniş təbliğat işinin aparılmasının vacibliyini bildirib. O, ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurların təbliğində partiyanın hər bir üzvünün fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.
Digər çıxışlarda da YAP Səbail rayon təşkilatının ötən ildəki fəaliyyəti yüksək qiymətləndirilib.
Sonda hesabat məruzəsi səsə qoyularaq təsdiq edilib.

Keçidlər