Səbail rayonunda həmrəylik günü ərəfəsində Mirzə Fətəli Axundzadənin 200 illiyi qeyd olunmuşdur
Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, rayonun idarə, müəssisə, və təşkilatlarının, elm və təhsil müəssisələrinin, ktləvi informasiya vasitələrinin nümayəndələri, gənclər və ağsaqqallar, veteranlar, din xadimləri, ziyalıların iştirakı ilə Dənizkənarı Milli Parkdakı «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Sinema-Klub»da böyük tədbir keçirilmişdir.
Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını və Dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 2012-ci ildə ölkədə əldə olunmuş nailiyyətlər, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadiyyatdakı irəliləyişlər, əhalinin rifah halının yüksəlməsi istiqamətində ölkədə həyata keçirilən sosial yönümlü layihələrdən danışmışdır. A.Əsgərov sona çatan il ərzində Səbail rayonunda da görülən işlər və həyata keçirilən layihələr, açılışları keçirilmiş obyektlər, təmir olunmuş təhsil, səhiyyə və s. müəssisələr, həyətlər, park və istirahət güşələri, asfaltlaşdırılmış yollar barədə məlumat vermiş və yeni ildə qarşıda duran vəzifələrdən söz açmışdır.
Asif Əsgərov qeyd etmişdir ki, bu il həm də böyük Azərbaycan mütəfəkkiri, Milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi böyük təntənə ilə qeyd olunur. Ölkə başçısı tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncam imzalanmış və müvafiq tədbirlərin keçiriləməsi ilə bağlı tapşırıqlar verilmişdir. 2012-ci il həmdə Türksoy çərçivəsində «M.F.Axundzadə ili» elan edilmişdir.
Asif Əsgərov böyük Azərbaycan mütəfəkkirinin həyatı, yaradıcılığı barədə məlumat vermiş və qeyd etmişdir ki, Milli Dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin yubileyi ilə əlaqədar bu gün onun həyat və fəaliyyətini əks etdirən «Sübhün səfiri» filminə ictimai baxış keçiriləcəkdir.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar Azərbaycan Milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun yaradıcılığı, onun mənalı həyat yoluna nəzər salmış, ölkəmizdə və onun hüdudlarından kənarlarda keçirilən yubiley tədbirlərinindən danışmışdır. Xalq yazıçısı həmçinin dövlət sifarişi əsasında çəkilmiş, ssenari müəllifi olduğu «Sübhün səfiri» filminin çəkilişi barədə danışmış, filmin yaradıcı heyətini iştirakçılara təqdim etmişdir.
Daha sonra çıxış edən filmin rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı xalq artisti Rasim Balayev filmin ərsəyə gəlməsi və çəkiliş günlərindən danışmışlar.
Sonda tədbir iştirakçılarına «Sübhün səfiri» filmi nümayiş etdirilmişdir.