Səbaildə «Azərbaycanlıların soyqırımı» kitabının təqdimatı keçirilib
Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə ötən il keçirilmiş “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi-praktik konfransda buradakı çıxışların əsasında kitab hazırlanması qərara alınmışdı. Mart soyqırımının ildönümü günlərində isə təşkilatçıların birgə hazırladığı ADPU-nin professor, müəllim və tələbələrinin, tarixçilərin konfransdakı çıxışları, mövzulara aid xeyli fotoşəkil toplanmış nəfis tərtibatlı «Azərbaycanlıların soyqırımı» adlı kitab işıq üzü görmüşdür.
Rayon rəhbərliyi, dövlət qurumların nümayəndələri, Milli Məclis üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, rayondakı ali məktəblərin pedaqoji kollektivlərinin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyində kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirin əvvəlində iştirakçılar və qonalar rayon məktəblilərinin və gənc rəssamların soyqırımla bağlı çəkdikləri rəsmlərin sərgisi ilə tanış olmuşlar.
Təqdimat mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada «Böyük Ermənistan» yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar.
Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, daha sonra isə torpaqlarımızin 20 faizi işğal ollundu.
Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi.
Ulu Öndərin ideya və əməllərini yaşadan, dünyada yeni tipli lider kimi tanınan, bugünkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir.
Eldar Əzizov vurğulamışdır ki, cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
Daha sonra çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışaraq qeyd etmişlər ki, çap olunmuş kitab uzun illər boyunca mənfur qonşularımızın Azərbaycanlalara və digər xalqlara qarşı törətdikləri soyqırımların dərindən və hərtərəfli öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Kitab gələcək nəslin tariximizi daha dərindən öyrənmələri, onların maarifləndirilməsi istiqamətində mühüm rol oynayacaqdır.
Digər çıxışçılar bildirmişlər ki, hər bir faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.
Bununla əlaqədar rayonun 163 nömrəli tam orta məktəbinin direktoru Sevil Cavadova məktəb kollektivi adından kitabın ingilis dilinə tərcümə edilməsi və bu işin məktəb kollektivinə həvalə olunması təklifini irəli sürdü.
Təklif razılıqla qarşılandı və növbəti ildə kitabın ingilis dili variantının hazırlanaraq təqdimatının keçirilməsi və kitabın beynəlxalq ictimaiyyətə çatdırılması qərara alındı.