Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər. Bildirildi ki, 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.
Dövlətimizin başçısı əsas korpusda yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və Prezident İlham Əlieyvin təhsilə qayğısını əks etdirən fotoguşə yaradılıb. Kampusdakı 600 yerlik akt zalı kütləvi-mədəni tədbirlərin yüksək səviyyədə təşkili üçün modern tələblərə cavab verən infrastruktura malikdir. Əsas korpusdakı tədris binasında istismara verilən mühazirə zalları və məşğələ otaqları ən müasir avadanlıqla, o cümlədən multimedia vasitələri, internetlə təchiz olunub. Təhsil ocağının kitabxanasında 100 nəfərlik oxu və dövri mətbuat zalı, 40 nəfərlik kompüter zalı, təlim otaqları və elektron kitab verilişi zonası yaradılıb. Tədris laboratoriyalarındakı cihaz və avadanlıq Almaniyanın “Gunt” və “Lukas nulle” şirkətlərinin istehsalıdır. Tələbələr onların vasitəsilə tədris olunan fənlər üzrə tədqiqat işlərini yerinə yetirərək hesabatlar hazırlayırlar.
Bildirildi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin bir çoxunun imkanları mütəxəssis hazırlığına cəlb edilib. Belə ki, “ABB” şirkəti kampusda inteqrasiya edilmiş idarəetmə və təhlükəsizlik laboratoriyasını, “Schneider Electric” şirkəti qəza hallarının idarəedilməsi və avtomatlaşdırılması laboratoriyasını, “AVANDSİS group” və “Schneider Electric” şirkətləri birlikdə avtomatik sistemlərin elementlərini və proqram təminatını, “Emerson process management” şirkəti isə nəzarət-ölçmə və idarəetmə laboratoriyasını Bakı Ali Neft Məktəbinə hədiyyə ediblər. Bundan başqa, neft-qaz mühəndisliyi, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedralarının ərazisində laboratoriya işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlar, qurğular yerləşdirilib, bərpaolunan enerji mühəndisliyi və elmi-tədqiqat laboratoriyaları istismara verilib.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Bu ali təhsil ocağının yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksəkixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu qurulub. Bundan başqa, orta məktəblərin və liseylərin məzunları olan, test imtahanlarında ən yüksək bal toplamış abituriyentlər tədris prosesinə cəlb edilib. Bununla da Bakı Ali Neft Məktəbi yüksək nüfuzlu ali təhsil müəssisəsindən birinə çevrilib. İndi bu təhsil ocağının tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır. Tədris prosesini müasir tələblərə uyğun təşkil etmək üçün yüksəkixtisaslı ingilisdilli yerli və əcnəbi mütəxəssislər kafedraların fəaliyyətinə cəlb olunub. İdarəetmə bölmələrinin ştatları əsasən xarici ölkələrdə ingilis dilində təhsil almış mütəxəssislər hesabına formalaşdırılıb. SOCAR-ın dəstəyi hesabına təhsilin ödənişsiz olması və tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirilməsi perspektivləri ilk gündən Bakı Ali Neft Məktəbini abituriyentlər və valideynlər üçün cəlbedici edib. 2012-2016-cı illərdə keçirilən qəbul imtahanlarının nəticələrinə görə yüksək bal toplayan abituriyentlər Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Bu illərdə qəbul olan abituriyentlərdən 76-sı Prezident təqaüdünə layiq görülüb. Tədrisin birinci ilində tələbələrə ingilis dili və İKT üzrə yüksək biliklər verilir, sonrakı illərdə peşə və ixtisas fənləri öyrədilir. 2012/2013-cü tədris ilindən Bakı Ali Neft Məktəbinə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə, 2013/2014-cü tədris ilindən başlayaraq isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbə qəbulu aparılır. İlk iki ixtisas üzrə mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən təklif olunan tədris proqramları əsasında həyata keçirilir. Bu məqsədlə 2012-ci ildə həmin universitetlə Bakı Ali Neft Məktəbi arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə bu təhsil ocağındakı tədris prosesi Heriot-Vatt Universitetindəki proseslə paralel aparılır, yekun imtahanları və cavabların qiymətləndirilməsini həmin universitetin professor-müəllim heyəti keçirir. Son illərdə keçirilən semestr imtahanlarının nəticələrinin müqayisəsi göstərir ki, Bakı Ali Neft Məktəbinin tələbələrinin göstəriciləri Heriot-Vatt Universitetinin, onun Malayziyada və Dubayda fəaliyyət göstərən filiallarının tələbələrinin naliyyətlərindən yüksəkdir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tədris proqramı isə Avropa Kredit Transferi Sisteminin proqram paketindən götürülən ən mütərəqqi proqram olaraq tələbələrə bu sahədə müasir bilik və vərdişləri aşılamağa imkan verir.
Məlumat verildi ki, kampusdakı 300 nəfərlik yeməkxana kompleksi iş günü ərzində tələbələrə və əməkdaşlara yüksək iaşə xidməti göstərmək üçün zəruri infrastruktura və işçi heyətinə malikdir. Şəhərcikdə beynəlxalq standratlara cavab verən iki idman zalı və hovuz yaradılıb. Zəruri inventarla təchiz olunan idman kompleksi gənclərin idmanla məşğul olmasına geniş imkanlar açır, burada yarışların keçirilməsi üçün də hər cür şərait var.
Bakı Ali Neft Məktəbinin nəzdində uşaq bağçası da fəaliyyət göstərir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.
Sonra dövlətimizin başçısına Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ixtira edilən avtomatik günəş izləmə sistemi haqqında məlumat verildi. Bildirildi ki, bu sistem gün ərzində günəş şüalarını izləyir və panelləri Günəşə yönəlmiş vəziyyətdə saxlayır. Artıq məktəbin ərazisində bu sistemin istifadəsinə başlanılıb.
Kampusda açıq havada 2 tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və fitnes zalı inşa edilib. Bundan başqa, 1000 tamaşaçı yeri olan süni örtüklü meydança da tələbələrin ixtiyarına veriləcək. Kampusda 400 yerlik yataqxana da yaradılıb. Burada 2, 3 və 4 nəfərlik otaqlar bütün şəraitə malikdir, mərtəbələrdə camaşırxanalar və mətbəxlər istifadəyə verilib.
Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə məzunların ilk buraxılışı olacaq, onlara həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomları veriləcək. 2017/2018-ci tədris ilində isə bu ixtisaslar üzrə magistratura səviyyəsinə ilk qəbul keçiriləcək. Hər iki ixtisas üzrə magistr hazırlığı Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında qurulacaq. Bakı Ali Neft Məktəbi tədrisin keyfiyyətini yüksəltmək və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir. Bu məqsədlə bir çox ölkələrin müvafiq qurumları və iri şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb, Bakı Ali Neft Məktəbi keyfiyyətin idarəetmə sistemi, ekologiya idarəetmə sistemi və əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlara layiq görülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin tələbə-müəllim heyəti ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.