“Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yolasalma mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
“Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat verdilər.
Prezident İlham Əliyevə məlumat verildi ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb. Üst tikililərin quraşdırılması tamamlandıqdan sonra STB-1 barjına yüklənərək dənizə yola salınmağa hazırlıq məqsədilə bu il mayın 8-də tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və bu işlərin 5 gün ərzində yekunlaşması nəzərdə tutulur. Üst tikililər artıq öz yerində - suyun 94 metr dərinliyində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Üst tikililərinin çəkisi təxminən 12400 ton təşkil edir. Obyektin uzunluğu 100, eni isə 60 metrdir. Bu konstruksiya 100 nəfərlik yaşayış blokundan, ümumi gücü 60 MVt olan dörd əsas elektrik generatorundan ibarətdir. Platformanın yaşayış blokunda işçilərin istirahəti üçün otaqlar, ofis otaqları, idman zalı yaradılıb. Burada neftçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün hərtərəfli şərait var.
Prezident İlham Əliyev platforma ilə tanış oldu və sonra layihənin işçi heyəti ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yola salınmasını bildirən düyməni basdılar.
Sonda xatirə şəkli çəkdirildi.