Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtəşəm Formula-1 Azərbaycan Qran-Prisi uğurla başa çatıb

27 iyun 2017 | 16:00

Prezident İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb.
Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatdı. Odlar yurdunun paytaxtı Bakı öz tarixində növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün dünyanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.
Formula-1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimi bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edildi. Bu anlar bir daha təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1-in Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetirincə olmasından qaynaqlanır.
Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu.
Daha sonra Formula-1 Azərbaycan Qran-Prisinin final mərhələsinə start verildi.
Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mercedes”in pilotları Luis Hamilton və Valtteri Bottas dayandılar. Onlar müvafiq olaraq, ilk iki pillədə qərarlaşdılar. İlk üçlüyü “Ferrari”nin pilotu Kimi Raykonnen tamamladı. Beləliklə, pilotlar qalib adı uğrunda mübarizəyə başladılar.
Formula-1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo oldu. Pilot məsafəni 2 saat 3 dəqiqə 55 saniyəyə qət etdi. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas çıxdı. Üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu.
Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirildi.
Sonra qaliblərə mükafatlar təqdim olundu.
Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.
Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim etdi.
İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strola isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.
Bununla da Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi - Azərbaycan Qran-Prisi başa çatdı.

Keçidlər