Səbailli sahibkarlar Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsünə qoşuldular
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təşəbbüsünə dəstək olmaq, bu nəcib təşəbbüsə öz töhfəsini vermək məqsədi ilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən firma, şirkət, Mənzil Tikinti Kooperativi, ümumilikdə 20-dən çox şirkət rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.
Rayon sahibkarları adından çıxış edən “Pilot Residense” şirkətinin rəhbəri Babək İsmayılov ilk öncə dövlətin sahibkarlara yaratdığı şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusi ilə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi köməkliklərini göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Babək İsmayılov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimindəki çıxışını xatırladaraq vurğulayıb ki, biznes strukturları, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıb, öz dəstəklərini veriblər və bu təşəbbüsə Səbail rayonunda ilk olaraq “Pilot Residense” şirkəti qoşulmuşdur.
«Kristal Abşeron» MTK-nin rəhbəri Məhayət Nəbiyev bildirmişdir ki, ölkə başçısının təşəbbüsü ilə rayonumuzda tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılmışdır. Bu istiqamətdə Səbail rayonunda bizə hər cür şərait yaradılıb, hər hansı problemlərlə üzləşməmişik. Ona görə də rahat şəkildə fəaliyyət göstərə bilirik. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da son vaxtlardakı fəaliyyəti, xususilə də məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması istiqamətindəki işlərini bir iş adamı kimi dəstəkləyirik və onun həyata keçirilməsində iştirak edərək bu işə öz töhfəsizi verməyə hazırıq.
«Kaspian Servis» şirkətinin rəsmisi Rəhim Sultanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı sahibkarların ünvanına dediyi xoş sözlərə görə digər həmkarları adından ona dərin minnətdarlığını bildirərək bundan sonra da dövlətimizin sahibkarlar üçün yaratdığı bu əlverişli biznes mühitindən faydalanaraq soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.
İş adamı humanizmdən irəli gələn bu nəcib təşəbbüsü təqdirəlayiq bir addım kimi dəyərləndirib, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün yaradılan yüksək səviyyədə əlverişli şəraitin mövcudluğunundan, onlara göstərilən diqqət və qayğıdan qürur hissi ilə danışıb.
Tədbirdə bildirilib ki, Səbail rayonu ərazisində mənzil tikintisi ilə bağlı hazırda 10-dan çox Pilot layihəsi həyata keçirilir. 8 ünvanda tikinti aparılir, digər layihələrlə bağlı isə sənədləşmə işlərinin gedir. Bu layihələrdə iştirak etmək üçün yeni-yeni sahibkarlar müraciət edirlər.
Daha sonra çıxış edən səbailli iş adamları Fortis Bayıl şirkətindən Akif Aslanov, Best Constraktion şirkətindən Mikayıl Nəsirov, Elçin Kərimov və başqaları ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə minnətdarlıq bildirərək, həyata keçiriləcək layihələrdə iştirakçı olmaqdan məmnunluq ifadə ediblər.
Sonda Səbail rayonunda tikinti sahəsində çalışan sahibkarlar adından bəyanat qəbul edilmişdir.