Səbail rayonunda 2017-ci ilin altı ayının yekunları müzakirə olunmuşdur
Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin altı sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin altı sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu. Bildirdi ki, respublikada sosial-iqtisadi məsələlər uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur. Altı ayda qeyri-neft iqtisadiyyatı 1,7 faiz, qeyri-neft sənayesi 4,4 faiz artıb, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.
İlin əvvəlindən ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq bu günə 40,6 milyard dollar təşkil edir. 6 ayda 101 mini daimi olmaqla 122 min yeni iş yeri açılıb.
Bu ilin altı ayında ixrac 36 faiz artıb idxal 15 faiz azalıb, müsbət saldo 1,9 milyard dollar təşkil edir. Kənd təsərrüfatında artım 2,2 faiz olmuşdur. Bu rəqəmlər ölkədə aparılan islahatlar nəticəsində əldə olunan uğurların bariz göstəricləridir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin altı ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 6 ay ərzində iri sənaye müəssisələri tərəfindən 11 milyard 618,9 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 3,6 faiz artmışdır.
Rayonun iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 215.5 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çox olmuş, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 60.8 milyon manat təşkil etmişdir.
6 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 308.0 milyon manat və ya 0,9 faiz çox olmuş, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 2 milyard 992,3 milyon manat və ya 3.6 faiz artmışdır.
6 ayda rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 440.5 milyon manat məbləğində və ya 35.4 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən isə 150.7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 8,2 faiz çoxdur.
6 ay ərzində Səbail rayonda 2202 yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.07.2017-ci il tarixinə kimi 51345–i daimi olmaqla 54813 yeni iş yerləri açılmışdır.
Qeyd olunmuşdur ki, ilin əvvəlidə Mətbuat prospekti 2 ünvanındakı binaların fasadının üzlənməsi və dam örtüyünün təmiri başa çatıb, yeni “İnterkontinental” və “Dinamo” mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi oktyabrda başa çatacaq.
Dövlət Proqramı çərçivəsində Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.
May ayından etibarən 20-ci sahədə 162 saylı orta məktəbdə və Badamdar qsəbəsindəki 239 saylı orta məktəbin köhnə binasında əsaslı təmir işlərinə başlanmış, bu işlərin sentyabra kimi başa çatması planlaşdırılmışdır.
Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 10-dan çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Daha bir neçə ünvanda yeni bina tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
Kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi 39 ünvanındakı yaşayış binası ilə bağlı RİH tərəfindən müvafiq dövlət qurumlarına müraciətlər olunmuş və həmin binada yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunmuşdur.
RİH tərəfindən Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”da 29 ha ərazidə 80 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində isə 5 minə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür.
Ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə RİH tərəfindən Əhəd Yaqubov küçəsində Su İdmanı sarayı ilə üzbəüz boş ərazidə ilkin olaraq 1,5 ha sahədə yeni orijinal İstirahət parkının salınması işləri sürətlə davam edir. Parkda basketbol, tennis və futbol üçün Multi-idman meydançası, ayrıca basketbol meydançası, açıq havada trenajor zalı, uşaqlar üçün velotrek, uşaq əyləncə qurğularının yerləşdiriləcəyi meydança düzəldilir. Burada stolüstü tennis üçün stollar qoyulacaq, kölgəliklər, oturacaqlar, oturacaq tipli pilləkənlər quraşdırılacaq, bir sözlə sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, RİH-nin təşkilatçılığı ilə «Azərbaycanlıların soyqırımı» kitabının təqdimatı keçirilmiş, klassik musiqi konsertləri, rəsm sərgiləri, çoxsaylı iməcliklər, orta məktəblərdə tarix konfransları keçırılmışdir.
Yığıncaqda çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, qanunsuz tikintilərin qarşısının qətiyyətlə alınması, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların məşğulluq və yaşayış məsələlərinin həlli, yay mövsümündə çimərliklərin vəziyyəti, yeniyetmələrin asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, yeni yaşıllıq sahələrinin yaradılması və əvvəl əkilən ağaclara qulluq göstərilməsi, rayon ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması və s. məsələlərə toxundular, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
\