100 yaşlı məktəbdə “Bilik günü” keçirildi
Bu il 100 yaşı qeyd olunan, zəngin tarixə malik Səbail rayonu 20-ci yaşayış sahəsindəki 162 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirin qonaqlarının birgə ifası ilə başlandı. Tədbiri açıq elan edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin tarixi barədə məlumat verərək qeyd etdi ki, 100 yaşı tamam olan məktəb binasında bu ilin yayında əsaslı təmir-yenidənqurma işləri aparılıb, məktəbdə müasir təhsil üçün hər cür şərait müasir yaradılıb, burada kimya, fizika, biologiya, ədəbiyyat, informatika, çağırışa qədərki hərbi hazırlıq və digər kabinetlərdə şagirdlərin nəzəri biliklərini tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılıb. Bu kabinetlərlə yanaşı, məktəb üçün yeni olan ekoloji kabinet də yaradılıb.
Məktəbdə idman və akt zalları da müasir səviyyədə təmir olunub, ləvazimatlarla təchiz olunub, yeni avadanlıqlar quraşdırılıb, məktəbin yeməkxanası tam yenilənib.
Bu qaygı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edir.
Qeyd olundu ki, məktəbdə 1400 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 105 nəfərdən ibarət pedaqoji kollektiv üzvlərindən iki nəfər elmlər namizədidir. Bu il məktəbi 90 nəfər bitirmiş, məzunlardan 38-i müxtəlif ali məktəblərə daxil olmuşlar. Sevindirici haldir ki, məzunlardan Mahirə Əsədzadə bu il qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub və Prezident təqaüdünə layiq görülüb.
Sevinc Abbasova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə kollektıv adından ölkə başçısına öz dərin təşəkkürünü bildirmişdir.
Tədbirdə iştirak edən Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məktəb kollektivini yeni dərs ilinin başlanması münasıbəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
162 nömrəli məktəb ölkə başçısının tapşırığına əsasən Səbail RİH tərəfindən əsaslı şəkildə təmir olunub və sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məktəbə gələrək burada aparılmiş əsaslı təmir və yenidənqurma işlərinin yekunu ilə şəxsən tanış olmuşdur.
İsrafil Kərimov ölkəmizin Birinci Vitse-рrеzidenti xanım Mehriban Əliyevanın resbublikamızda təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açmış, Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən 700 bal toplamış məzun Mahirə Əsədzadə, valideyn Niyaz Niftiyev və başqaları məktəbdə yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını çatdırmış, şagirdlərin hazırladıqları bədii konpozisiya, müasir və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
Ənənəvi “Bilik günü” tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.