Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncənin möhtəşəm abidələri və zəngin muzeyləri Səbailli məktəblilərdə böyük təəssürat yaradıb

18 noyabr 2017 | 16:00

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Abşeron, paytaxtın Xətai, Səbail, Suraxanı, eləcə də Neftçala, Salyan, Şirvan, Cəlilabad və İmişli rayonlarından olan IX-XI sinif şagirdləri noyabrın 17-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.
Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Məktəblilər əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə inşa olunsa da, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.
Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.
Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.
Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.
Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoriya və Albert, Drezden, Vatikan kimi muzeylərin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.
Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlərboyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri həyata keçirilib.
Bildirilib ki, “İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi məktəblilərdə böyük maraq oyadıb.
Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Məktəblilər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olub, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər.
Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər küçəboyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililər haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzinə gəliblər. Mədəniyyət ocağı ilə tanışlıq zamanı bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.
Şagirdlər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş bulvar kompleksində də olublar. Onlar Bayraq Meydanında hündürlüyü 120 metr olan dirəkdən dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkəmizin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar.
Tur-aksiya iştirakçıları çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri, əyləncə mərkəzlərini gəzərək şəhərlə tanışlıqlarını davam etdiriblər.
Sonda tur-aksiya iştirakçıları Prezident İlham Əliyev tərəfindən yenicə istifadəyə verilmiş Mirzə Şəfi Vazeh muzeyinə və şairin adını daşıyan parka gəliblər.
Məktəblilərə məlumat verilib ki, Mirzə Şəfi Vazeh muzeyi Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Tur-aksiya iştirakçılarına Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Mirzə Şəfi Vazehin yaradıcılığının Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutduğunu deyən bələdçilər mütəfəkkirin adını daşıyan muzeydə görülən işləri də diqqətə çatdırıblar.
Bildirilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

Keçidlər