Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: Göygöl və Şəmkirlə tanışlıq Səbailli məktəblilərin zəngin səfər təəssüratları ilə başa çatıb

18 noyabr 2017 | 16:00

Əvvəlcə tur–aksiya iştirakçıları Göygöl rayonuna gəliblər. Qonaqları şəhər mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiya iştirakçılarını salamlayıb, məktəblilərə xoş səfər təəssüratları arzulayıb. Bildirilib ki, Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Virtemberq krallığından gələn koloniyaçılar tərəfindən qoyulub. Şəhərin adı da elə alman koloniyaçıları tərəfindən Helenendorf adlandırılıb. İkinci Dünya müharibəsi başlayana qədər burada dinc və əmin-amanlıq şəraitində yaşayan almanlar 1941-ci ildə Stalinin əmri ilə Sibirə və Qazaxıstana sürgün ediliblər. Ötən illərdə bir neçə dəfə adını dəyişən rayon 2008-ci ildən Göygöl adlandırılıb. Vaxtilə almanlar tərəfindən salınan küçələr, tikilən eyvanlı, çatmatağlı evlər və alman lüteran kilsəsi bu gün də olduğu kimi mühafizə olunur. Kilsədə rayonun keçmişini, eləcə də almanların tarixini və məişətini əks etdirən çoxlu sayda qiymətli eksponatlar qorunub saxlanılır.
Qeyd edilib ki, multikulturalizm ənənələrinə yüksək qiymət verilən Göygöl şəhərində küçələrlə irəlilədikcə burada almanlara məxsus onlarla maddi-mədəni tikiliyə, tarixi nişanəyə rast gəlmək mümkündür.
Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Əvvəlcə məktəblilər burada Ümummilli Liderin həyatının, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, buradakı muzeydə gənclər üçün xalçaçılıq və bədii biçmə-tikmə evləri, həmçinin kinozal fəaliyyət göstərir.
Məktəblilər IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasına qoşulub, Heydər Əliyev Mərkəzinin ətrafında şam ağacları əkiblər.
Göygöldə yaşayan və 2011-ci ildə vəfat edən rayonun sonuncu alman sakini Viktor Klaynın evi ilə tanışlıq da şagirdlər üçün yaddaqalan olub. Bildirilib ki, hazırda restavrasiya mərhələsində olan ev gələcəkdə Azərbaycan-Almaniya mədəni əlaqələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində multikulturalizm mərkəzi kimi fəaliyyət göstərəcək.
Daha sonra Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə məlumat verilib ki, vaxtilə alman koloniyaçıları tərəfindən tikilən kilsə hazırda muzey binası kimi fəaliyyət göstərir. Muzeydə nümayiş olunan tarixi eksponatlar, vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyim nümunələri və tarixi fotolar şagirdlərdə böyük maraq yaradıb.
Azərbaycan Dövlətinin Rəmzləri Muzeyi ilə tanışlıq da maraqlı keçib. Məktəblilər muzeydə Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı dövrlərini əks etdirən eksponatlara baxıblar. Məlumat verilib ki, muzeydə Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş ayrı-ayrı dövlətlərin xəritələri və bayraqları, o cümlədən müxtəlif illərdə qəbul olunmuş konstitusiyalar nümayiş etdirilir.
Tur-aksiya iştirakçılarının rayonla tanışlığı çərçivəsində səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub. Bildirilib ki, 1139-cu ildə Kiçik Qafqaz dağlarında 9 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələnin təsirindən Kəpəz dağının zirvəsi uçaraq Ağsu çayının qarşısını kəsib və əsrarəngiz gözəlliyə malik, nadir təbiət incisi Göygöl yaranıb. Hazırda Göygölə yaxın ərazilərdə bir-birindən gözəl 17 göl var. Göllərin hər biri müxtəlif əlamətlərinə görə adlandırılıb. Lakin onlardan Göygöl və Maral göl daha məşhurdur. Hər il 10 minlərlə turistin səfər etdiyi bu ərazilərdə həm də Azərbaycan təbiətinin ən nadir fauna və flora növləri qorunur.
Dağların qoynu ilə ensiz dolama yollardan, sıx meşələrdən keçdikdən sonra dəniz səviyyəsindən 1556 metr yüksəklikdə tur-aksiya iştirakçılarının gözləri qarşısında açılan ecazkar təbiət mənzərəsi məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər gölün kənarında xatirə şəkilləri çəkdiriblər.
Açıq səma altında ölkəmizin multikultural ənənələrinin əks olunduğu muzeyi xatırladan Göygöl şəhəri buraya səfər edən hər kəsdə olduğu kimi, tur-aksiya iştirakçılarında da dolğun fikir və zəngin təəssürat yaradıb.
Rayonla tanışlıqlarını başa vuran tur-aksiya iştirakçıları sonra Şəmkirə səfər ediblər.
Məktəblilərin rayonla tanışlığı orta əsr Şəmkir qalasından başlayıb. Qalanın qalıqları ilə tanış olan şagirdlərə məlumat verilib ki, böyük İpək Yolu üzərində yerləşən bu qədim şəhər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəllər kiçik ərazidə aparılan arxeoloji qazıntı işləri sonradan 28 hektar ərazidə davam etdirilib. Az müddətdə ərazidən böyük şəhər mədəniyyətinin qalıqları ilə bərabər xeyli sayda maddi-mədəniyyət nümunələri də üzə çıxarılıb. Hazırda qədim şəhər ərazisində arxeoloji qazıntı işləri beynəlxalq arxeoloqlarla birlikdə həyata keçirilir.
Sonra Şəmkir şəhərinin mərkəzinə gələn məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb.
Əvvəlcə tur-aksiya iştirakçılarına Heydər Əliyev Mərkəzi haqqında məlumat verilərək bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Belə ki, mərkəzin daxilində yan divarlarda Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolara baxan hər kəs irəlilədikcə istər-istəməz yüksəkliyə qalxmış olur. Bu cür memarlıq həlli isə həm rəmzi məna daşıyır, həm də ümummilli lider Heydər Əliyevin yüksələn siyasi fəaliyyətini əks etdirir.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar.
Bildirilib ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb. Bayraq meydanında tarixən Azərbaycanda mövcud olan dövlətlərin bayraqlarının və nişanlarının əks olunduğu guşələr də tur-aksiya iştirakçılarında böyük maraq yaradıb.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçıları üçün yaddaqalan olub. Bildirilib ki, “Zəka” mərkəzinin qalereyasında burada fəaliyyət göstərən dərnək üzvlərinin müxtəlif texnika və üslublarda hazırladıqları əl işləri, rəsm əsərləri sərgilənir.
Məktəblilər Şəmkirdə vaxtilə alman koloniyaçıları tərəfindən inşa olunan lüteran kilsəsi ilə də tanış olublar. Onlara Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında geniş məlumat verilib.
Şagirdlərin Göygöl və Şəmkir rayonları ilə tanışlığı zəngin səfər təəssüratları ilə başa çatıb.


 

Keçidlər