Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2012-ci ilin yekunları müzakirə olunmuşdur

02 fevral 2013 | 16:00

Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2012-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
Qeyd olunmuşdur ki, 2012-ci ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 949,1 milyon manatlıq məhsul istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 633.4 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir.
2012-ci ildə rayondakı rabitə müəssisələri tərəfindən 913,5 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 13,4 % çox rabitə xidmətləri göstərilmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4.303,9 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,4 % artmişdır.
Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.229,3 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 7 % artmışdır. Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 381.7 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 74,2 % çox istehlak malları satılmış, 20,6 % çox iaşə xidmətləri göstərilmidır.
2012-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 100074 nəfər olmuş, orta aylıq əmək haqqının məbləği isə 950,5 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,6 % çoxdur.
2012-ci il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2697 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ildən 2013-ci ilin yanvar ayının 1-dək rayonda 40070 yeni iş yeri açılmışdır ki, onların da 39202-i daimidir.
Ötən il Səbail rayonunda «Bakıelektrikşəbəkə» ASC-nin «İçərişəhər» yarımstansiyası, beşulduzlu «CW Mariott Abşeron» və “Four Seasons Hotel Baku” mehmanxanaları, Badamdar qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının binası, «Baku Cristal Hall» Kompleksi, Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsi, «Hilton-Baku» otelinin qarşısındakı park, Azneft döngəsində, Mikayıl Useynov kuçəsində inşa olunmuş yeraltı piyada keçidi, SSRİ Xalq Artisti Bülbülün və İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidələri, Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəb və yeni uşaq bağçasının binaları, əsaslı təmir-yenidənqurma işləri aparılmış Bakı Funikulyoru, Səadət sarayı, «Kiçik Venesiya şəhərciyi», Səbail rayonu 49 nömrəli “İntellekt” məktəb-liseyin binası və onun yeni tədris korpusu və Ümummilli liderimiz Heydər Əliyevin əzəmətli büstünün qoyulduğu Badamdar qəsəbəsində Heydər Əliyev parkı istifadəyə verilmişdir.
Bu obyektlərin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı Səbail rayonuna olan diqqət və qayğının bir nümunəsidir.
İyun ayının 22-də ölkə başçısı İlham Əliyevin imzaladığı «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planıda yenə də Səbail rayonuna geniş yer ayrılmış, əvvəlki Dövlət Proqramına əlavə olaraq daha 2 sahə üzrə 11 bəndlik tədbirin həyata keçirilməsi Proqrama daxil edilmişdir.
Avropanın ən möhtəşəm musiqi müsabiqəsi olan «Eurovision» mahnı müsabiqəsində Səbail rayonunun orta məktəblərinin məzunları olan Nigar Jamal və Eldar Qasımovun qalib gəlməsi 2012-ci ildə sayca 57-ci «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi hüququnu isə Azərbaycanın paytaxtı Bakı şəhərinə qazandırmışdır. Müsabiqənin keçiriləcəyi məkanın da Səbail rayonu ərazisində olması çox sevindirici hal olmuşdur. Müsabiqəyə hazırlıq və onun keçirilməsi ilə bağlı işlər yüksək səviyyədə aparılmış, 42 ölkənin təmsilçiləri, çoxsaylı qonaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşdular.
Ölkə başçısı tərəfindən göstərilən böyük dəstək və müsabiqənin təşkilat komitəsinin fəaliyyəti nəticəsində ilk dəfə olaraq Azərbaycanda keçirilən Beynəlxalq Mahnı müsabiqəsi müvəfəqiyyətlə başa çatmış və bu müsabiqə Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasında bir vasitə olmuşdur.
Keçən il rayon ərazisində İncəsənət Muzeyi üçün keçid korpusu, Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlərin, Mikayıl Useynov küçəsində Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binasının və deponun, Üz.Hacıbəyov küçəsində 6 mərtəbəli, 200 maşın yerlik yeni parkinqin, 20-ci yaşayış sahəsində 3200 yerlik yeni «Bayıl» stadionu və inzibati binanın, «Bakıelektrikşəbəkə» ASC-nin «Yeni Bayıl» və «Bayraq Meydanı» yarımstansiyalarının inşası, mərkəzdə Səməd Vurğunun ev-muzeyinin əsaslı və Dövlət Filarmoniyasının binasının cari təmiri, paytaxtın əsas magistrallarından olan Neftçilər prospektinin təmiri və yenidən asfaltlaşdırılması başa çatdırılıb.
Ha¬zır¬da rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Parlament prospektində artıq paytaxtımızın simvollarından birinə çevrilən, unikal «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Bakı-Oksford məktəbi üçün yeni tədris korpusunun, «Azadlıq» Meydanında 2 mərtəbəli, 2000 avtomobil yerlik yeraltı və Fəvvarələr Meydanında 7 mərtəbəli, 500 avtomobil yerlik yerüstü qaracların, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin, kütləvi informasiya vasitələri işçiləri üçün 16 mərtəbəli, 146 mənzilli yeni binanın tikintisi, Dövlət Musiqili Komediya Teatrının binasının əsaslı təmiri, «Şəhidlər Xiyabanı» Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri və «İstiqlal» Muzeyinin tikintisi aparılır, 20-ci sahədə «Bakıelektrikşəbəkə» ASC-nin 2 yeni yarımstansiyasında işlər başa çatmaq üzrədir.
Səbail rayonunun rəmzi olan «Qız qalası»nda mərhələlərlə bərpa və konservasiya işləri davam edir.
Dağüstü parkda aparılan təmir-yenidənqurma işləri ilə əlaqədar burada yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının, 20 Yanvar cəmiyyəti və xidmət sahələri işçiləri üçün bir mərtəbəli inzibati binanın tikintisi aparılmışdır.
Xiyabanda çalışan xidmət sahələri işçilərinin xahişi nəzərə alınaraq onların məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsində 2 mərtəbəli, 10 mənzilli xidməti yaşayış binasının tikintisinə başlanmış və hazırda burada işlər sona çatmışdir.
Keçən il baş vermiş sürüşmənin nəticələrinin aradan qaldırılması üçün görülən işlər çərçivəsində Bayıl yamacının alt hissəsində - Neftçilər prospektində yeni beton istinad divarı çəkilmiş, divarlar dekorativ üzlüklə üzlənmiş, Qurban Abbasov küçəsinin başlanğıcında istinad divarı aqlay daşla üzlənmiş, üzbəüz tərəfdə isə yeni dekorativ məhəccərli hasar tikilmişdir.
2012-ci ildə Badamdar qəsəbəsində özəl «Ahu» uşaq bağçası istifadəyə verilmiş, Dövlət Proqramına əsasən 7 saylı pilot məktəbi üçün 4 mərtəbəli, 8 sinif, 1 müəllimlər otağı, idman və akt zalları olan yeni korpus tikilmiş, 50 və 203 saylı orta məktəblər, «Könül» körpələr evi, 44 saylı uşaq bağçası, 3 saylı Vərəm Əleyhinə dispanseri əsaslı təmir olunmuşdur. Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbinin binası sökülərək yerində 2 mərtəbəli, 30 sinif, 5 yardımçı otağı olan bina inşa olunmuşdur..
2012-ci ildə Bayıl dairəsindəki 16 mərtəbəli yaşayış binası yeni layihə əsasında üzlənmiş, burada müasir işıqlandırma sistemi qurulmuş, Badamdar qəsəbəsi, Neftçilər dövgəsi 5 və 7 ünvanlardakı binaların fasadı təmir olunmuş, aqlay daş döşənmiş, eyvanlar yenilənmişdir. Qəsəbədə daha 2 ünvanda, mərkəzdə isə 5 ünvanda «Abad həyət»lər yaradılmışdır.
Hazırda 1 saylı şəhər poliklinikasında əsaslı təmir, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri davam edir, burada əlavə tikili inşa olunur, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının təmir olunaraq üzlənməsi və bura yeni, müasir görkəm verilməsi, Qurban Abbasov küçəsində yerləşən daha 3 binanın fasadının üzlənməsi, binalarda təmir-möhkəmləndirilmə işləri davam etdirilir.
Həmçinin Üzeyir Hacıbəyov küçəsi 30 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun binasının da müasir şəkildə üzlənərək yenidənqurulması, RİH-nin iclas zalının genişləndirilməsi ilə bağlı layihə hazırlanmış və onun da icrası davam etdirilir.
İl ərzində əsas kuçə və prospektlərlə yanaşı, qəsəbədaxili və məhəllədaxili küçə və yolların da təmiri aparılmış, ümumilikdə, isə 2012-ci il ərzində rayonda aparılan iri miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 275.500 kvadrat metr sahəyə yeni asfalt örtüyü salınmışdır. 2011-ci il ərzində bu rəqəm 153.500 kvadrat metr olmuşdur.
2011-2012-ci tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirmiş, onlardan 915 nəfəri tələbə adını qazanmışdır. Sevindirici haldır ki, rayonun orta məktəblərinin 11 nəfər məzunu «Qızıl» medala layiq görülmüşlər.
Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 41 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 87 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunan 3 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.
2011-2012-ci təhsil ilinin yekununa görə «İlin ən yax¬şı ümum¬təh¬sil mək¬tə¬bi» mü¬sa¬bi¬qə¬sin¬də – 189 saylı orta məktəb, «İlin ən yaxşı müəllimi» müsabiqəsində isə rayonumuzun orta məktəblərinin 11 müəllimi qaliblər sırasında olmuşlar. 5 Oktyabr – Beynəlxalq Müəllim günü ərəfəsində ölkə Başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 5 nəfəri – «Əməkdar müəllim» Fəxri adına layiq görülmüşdür.
2012-cu il ərzində Səbail rayon icra hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 16000-ə yaxın olmuşdur.
İl ərzində həyata keçirilən işlərlə yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir.
Noyabr ayının 9-10-u tarixlərində Türkiyə Respublikasının Qaziantəp şəhərində 35 ölkədən 250 nümayəndəsinin təmsil olunduğu Beynəlxalq «7-ci İpək yolu Bələdiyyə Sədrləri Forumu»nda Azərbaycan nümayəndə heyətinin tərkibində Rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak etmiş, bu Səbail rayonunun beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində görülən işlər çərçivəsində növbəti addım olmuşdur.
İl ərzində rayon Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görülmüş, yeni qaz xətləri çəkilmiş, yarımstansiyalar, transformatorlar quraşdırılmış, sayğaclaşma aparılımış, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir. Bunun nəticəsidir ki, 2012-ci il ərzində rayon üzrə istehlakçılara satılan təbii qazın dəyəri 97,9 % həcmində, o cümlədən əhali sektoru üzrə abonentlərə satılmış təbii qazın dəyərinin 103,1 %-i, qeyri-əhali sektoru üzrə isə 90,8% ödənişi təmin olunmuş, əvvəlki illər müqayisədə itkilər 2,1 % azalmışdır. Elektrik enerjisindən istifadə üzrə yığım 100% təşkil etmişdir. Əhali sektoru üzrə yığım 103 % olmuşdur.
May ayında Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan qanvermə aksiyasında 400 nəfər, «Aşura» günü ilə əlaqədar Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində keçiriəln aksiyalarda isə 433 nəfər insan irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlar üçün donor qanı vermişlər. RİH-nin dəstəyi ilə 2 nəfərin həcc ziyarətinə göndərilməsi üçün lazımi təşkilati tədbirlər görülmüşdür.
2012-ci il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 540 cinayət hadisəsi qeydə alınmış, onlardan 446-nın və ya 80,8 %-nin açılması təmin olunmuşdur. Həyata keçirilən profilaktiki tədbirlər nəticəsində baş verən cinayətlər əvvəlki ili n müvafiq dövrü ilə müqayisədə 139 fakt və ya 20,5 % azalmış, cinayətlərin açılması isə 70,4%-dən 80,8%-ədək artaraq 10,4% yaxşılaşmışdır.
Ağır və xüsusi ilə ağır cinayətlərin sayı da əvvəlki illə müqayisədə 104-dən 61-ədək və ya 43 fakt azalmış, cinayətlərin açılma faizi 64,8%-dən 74%-ədək artaraq, açılma 9,2% yaxşılaşmışdır.
Qeyri-aşkar şəraitdə baş vermiş cinayətlər 317-dən 216-adək azalmış, onlardan 125-nin və ya 55,3%-nin açılması təmin edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə açılma faizi 45,8%-dən 55,3%-ədək artaraq, 9,5% yaxşılaşmışdır.
Mülkiyyət əleyhinə cinayətlər 286-dan 203-ədək və ya 83 fakt azalmış, onların 137-nin və ya 65,6%-nin açılması təmin edilmiş, əvvəlki ilə müqayisədə isə bu cinayətlərin açılma faizi 49,6%dən 65,6%-ədək artaraq, 16% yaxşılaşmışdır.
Baş vermiş oğurluq cinayətləri 174-dən 121-ədək və ya 53 fakt azalmış, onların 56-nın və ya 48,7 %-nin açılması təmin edilərək açılma faizi əvvəlki ilin müavifq dövrü ilə müqayisədə 30%-dən 48,7 %-ədək artaraq, 18,7 % yaxşılaşmışdır.
Hesabat dövründə ümumilikdə 40 mənzil oğurluğu qeydə alınmış və onlardan 9-nun və ya 28,1 %-nin açılması təmin edilmişdir.
Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində aparılan işlər davam etdirilmiş, keçirilən tədbirlər nəticəsində 12 cinayətin açılması mümkün olmuşdur.
2012-ci ildə rayon ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən yol verilmiş 2 cinayət hadisəsi qeydə alınmışdır. Rayon Polis İdarəsinin icraatında 14 profilaktiki iş vardır ki, onlardan 2-si uğursuz ailələr barədədir.
2012-ci il ərzində Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərlə bağlı müəyyən olunmuş faktların sayı əvvəlki illə müqayisədə 48 faktdan 41-ə azalmışdır. Aşkar edilmiş 41 faktdan 13-ü satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbulu ilə əlaqədar olmuşdur. 5 fakt üzrə külli miqdarda narkotik maddələrin götürülməsi təmin edilmişdir. Ümumilikdə aşkar edilmiş faktlar üzrə 6 kq 678 qram narkotik vasitə götürülərək qanunsuz dövriyədən çıxarılmışdır ki, bunun da 171 qramı heroin, 4 kq 326 qramı qurudulmuş marixuana, 1 kq 126 qramı həşiş və 1 kq 031 qramı tiryək olmuşdur.
İl ərzində aparılan tədbirlər nəticəsində 4 ədəd tapança, 1 ədəd ov tüfəngi və 1 ədəd əl qumbarası aşkar edilib görürülmüşdür.
2012-ci ildə rayon ərazisində ümumilikdə 198 yol nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 15 nəfər ölmüş, 68 nəfər isə xəsarət almışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı 58-dən 66-ya kimi artmış, hadisələr zamanı xəsarət alanların sayı 8 nəfər, ölənlərin sayı isə 4 nəfər artmışdır.
2012-ci ildə Səbail rayonu ərazisndə 164 müxtəlif yanğın hadisəsi qeydə alınmış və Səbail rayon Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülmüşdür. Yanğındlar zamanı 5 nəfər vətəndaş tüstüdən xəsarət almışdır.
Hesabat ili ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən 2012-ci il ərzində rayonda keçirilmiş 4 həqiqi hərbi xidmətə çağırışlar zamanı Səbail rayonunda vətəndaşların həqiqi hərbi xidmətə göndərilməsi tapşırığına 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlrdan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
Skayp qoşulması vasitəsi ilə Jənubi Koreyada təhsil alan Fərid İbrahimov iclas iştirakçılarına öz ürək sözlərini çatdırmışdır.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuş, Səbail RİHBA-nın əməkdaşı Böyükağa Seyidova «Dövlət qulluğunda fərqlənməyə görə» medalı, bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2012-ci ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 10 nəfər orta məktəb şagirdinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.
 

Keçidlər